DAK-ın təşkilat problemləri

İyunun 22-də Qulamrza Səbri Təbrizinin sədr olduğu Dünya Azərbaycanlıları Konqresinin Brüsseldə qurultayı keçirildi. Tədbir iki gün davam edəcək, quruma yeni sədrin və idarə heyətinin seçilməsi gözlənilir. Bazar ertəsi isə qurultay nümayəndələri və beş Avropa Parlamenti üzvünün iştirakılə Avropa Parlamentinin binasında İranda azərbaycanlıların hüquqlarının pozulmasına dair seminar keçirilməsi planlaşdırılır. Bu qurultayda, elə professor Səbri Təbrizinin sədr seçildiyi DAK-dan ayrılaraq Demokratik DAK adı altında fəaliyyət göstərən qrup da iştirak edəcək. Təşkilatçıların Birlik qurultayı adlandardığı tədbirdə Demokratik DAK-la professor Təbrizinin başçiliği altındakı qurumun birləşməsi gözlənilir. Amma, deyəsən birlik qurultayı həm də ayrılıq qurultayıdır. Çünki bu tədbirdən az əvvəl, iyunun 6-8-də DAK İdarə heyətinin bir sıra üzvləri Almaniyanın Köln şəhərində başqa bir qurultay keçirərək Sabir Rüstəmxanlını təşkilata sədr seçiblər. İndi hər iki tərəf bir-birini qeyri-legitimlikdə, təşkilatın adından sui-istifadə edərək pul mənimsəməkdə günahlandırır.



Qulamrza Səbri Təbrizi

Xədicə İsmayılova Qulamrza Səbri Təbrizi ilə qurultay və DAK ətrafındakı olaylar barədə söhbətləşib.


- Səbri bəy, sabah baş verəcək qurultay haqqda bizə danışardınız.


- Sabah məruzələr olacaq. Neçə ölkədən, Amerikadan, Kanadadan, Azərbaycanın özündən professor Vaqif Sultanlı, professor Paşa Qəlbinur, Rusiyadan, Moskvadan professor Ramiz Abutalıbov çıxış edəcəklər. İkinci gün seçimdir. Kim sədr olacaq, kim idarə heyətinə seçiləcək – bununla bağlı rəy alınacaq. Üçüncü gün Avropa Parlamanında yığıncağımız olacaq. Orada Cənubi Azərbaycanda insan hüqüqları ilə bağlı söhbət olacaq. Biz istəyirik ki, insan haqqları konseyləri, Avropa Şurası köməklik eləsin ki, bizim məktəblərin açilmasında, orada insanları tutub işgəncə verməsinlər, bilirsiniz ki, təzəlikcə birini də şəhid ediblər, bir-neçəsi yaralanıbdır. Bu cür söhbətləri biz orada edəcəyik, yəni insan hüqüqları haqqında. Bizim qurultayın əhəmiyyəti budur ki, bu birlik qurultayıdır, yəni Dünya Azərbaycanlıları Konqresi ilə Demokratik Dünya Azərbaycanlıları Konqresi bir tarixi surətdə burada, Brüsseldə, bu qurultayda birləşirik. Bunu da mən Almaniyada seçiləndən sonra təklif etdim və dogrudur, çox zəhmlərə düşdük, amma xoşhalam ki, bu öz nəticəsini görür və bizim o birlik uşağı dünyaya gəlir. Neçə dənə qurumlar var bir belə müxtəlif adlarda, hərgah hamısının məqsədi budur ki, biz öz vətənimizə, dilimizə, anamıza xidmət edək-bu lazım deyil ki, hərəsi bir adla ola. Mənim DAK sədri kimi məqsədim budur ki, gərək hamı birləşə. Bir səslə həmişə söhbət edək. Güc birlikdədir. Xoşhalam ki, buna müvəffəq olmuşam və elə edə bilmişəm ki, birliyk bura gəlib yetib. Fəxr edirəm ki, mən bu işi yerləyə bilmişəm.


- Bəs bu birliyk qurultayından öncə, nə qədər qəribədir ki, yeni bir parçalanma haqda xəbərlər aldıq. Bunu necə izah edirsiniz?


- Bunun haqqında cox yazılıb. 5-6, 4-5 nəfər ayrıldı oradan və biz onlara təklif etdik ki, səbr edin, onlar dedilər istəyirik Sabir Rüstəmxanlı sədr olsun. Dedik, sədrlikdirsə gəlin bu qurultayda sədr olun. Gözləmədilər, orada qurultay keçirdilər, onun da legitimliyi yoxdur. Biz onu tanımırıq və birlik budur. Orada kiminlə birliyə getdilər? Biz parçalanmış adamlarıq, onlarsa getdilər özlərinə qurultay keçirdilər. Amma mən istərdim ki, hamı gəlsin bir yerə. İndi gəlmişik bir yerə - DAK və DDAK, mən təklif etdim Sabir Rüstəmxanlıya da gəlsin, özünü elan eləsin sədr, burada rəy verilsin, rəy bir yerə çıxsın və biz onu təbrik edək. Amma caş-başlıq yaradıb bu şeylər, onlar legitim deyillər və biz onları tanımırıq.


- Səbri bəy, indi yenə namizədliyinizi verəcəksiniz sədrliyə?


- Xeyr, mən verməyəcəyəm. Mənim sədrlikdən də qabaq beynəlxalq məsuliyyətim var idi diasporada, istəyirəm elə orada qalam, dərsimi deyim, zehni işlərlə məşğul olum. Ağsaqqal kimi mən köməklik edəcəyəm DAK-a, diasporaya, inşallah cavanlardan, gənclərdən gəlsinlər, idarə eləsinlər. Mən o ərz elədiyim missiya ki var - gətirim, yetirim bunu birliyə - gəlsin, yetsin birliyə və mən xoşhal olaram bundan.


- Bəs sədr görmək istədiyiniz adam varmı?


- Xeyr, mən bir adamı da təklif eləməyəcəyəm. Mən bir demokratik adamam. Hər kəs sədr istəyində azaddır və hər kəs ki, rəy çox gətirsə o da sədrir. Mən müxalifəm tapşırmağnan, dostbazlıqnan. Necə ki məni seçdilər, mən əksəriyyətlə gəldim çıxdım, burada da istəyirəm o cürə olsun. Hər kəsin ki, əksəriyyəti var – sədr olsun və onu qəbul eləsinlər.


- Belə fikirlər gəzir və bu fikirlər elə bir adamlara məxsusdur ki, nə Sizin rəhbərlik elədiyiniz qurultaya, nə də o biri qurultaya qatılırlar və DAK-ın fəaliyyətinə çox tənqidi yanaşırlar, onlar deyir ki, - Dünya Azərbaycanlıları Konqresinin adını daşıyan bu təşkilatın azərbaycanlıların ciddi problemləri olan, deyək ki, İran azərbaycanlılarının hüquqları kimi məsələdə və başqa məsələlərin həllində o qədər də böyük rolu yoxdur və təşkilat olaraq bu qurum indiyə qədərki dövr ərzində kifayət qədər iş görməyibdir. İndiyə kimi beynəlxalq insan hüquqları təşkilatları ilə ünsiyyətdə olan adamlar da sırf fərdi şəkildə bu işi görüblər. Siz necə, DAK-ın bu məsələlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasındakı rolu barədə nə düşünürsünüz?


- Mən bunların çoxu ilə razıyam. Yəni deyilən söhbətlərlə təmamilə razıyam. İndiyəcən DAK lazımı vəzifəsini verməmişdi. O adamlar ki, bu görüntüdən çəkilmişdilər kənara, amma indi onlarda bir inam yaranıb, gəlsinlər, mən hamını dəvət edirəm birliyə. Və onlar düz deyirlər. Mən də elə o məqsədlə gəldim ki, bu boşalmış DAK-ı elə bir vəziyyətə gətirək ki, faydalı olsun, millətinə xidmət etsin. Yəni boş təbil kimi səslənməsin. Onların sözləri ilə, fikirləri ilə razıyam. Mən özum də bu tənqidi edən adamlardanam.


- Amma tənqidlərdən bəziləri həm də o barədədir ki, Sizin vaxtınızda da DAK belə fəal olmadı.


- Ondan ötrü ki, bizim vaxtımızda bunlar – mən əminim idim ki, bizlə həmkarlıq eləyirlər – durdular sədarət davasına. Bəzi bisəviyyə adamlar, yazılar və sair bizim diasporaya biabırçılıq gətirdi. Mən ondan da özüm narazıyam. Gərək bu olmamayaydı, və elə bu dəlillərə görə mən istəmədim sədr olam və bu cürə adamlarla üz-üzə gələm.


- Siz həm də professorsunuz, dərs deyirsiniz, amma bu son illərdə Sizin üzərinizə Dünya Azərbaycanlıları Konqresinin idarə olunması kimi sırf menecment işi düşüb. Bi işin öhdəsindən necə gəldiyinizi düşünürsünüz və ümumiyyətlə Dünya Azərbaycanlıları Konqresinin büdcəsi nə qədər olub, Sizdən əvvəlki dövrdə və Sizin dövrünüzdə və o büdcə hansı mənbələrdən maliyələşib və hara xərclənib?


- Mən onlara hesabat verə bilmərəm, çünki DAK-da müxtəlif mənafe güdənlərə pul verillib, amma mən aşkar deyə bilərəm ki, bu bir ilin ərzində bizə 1 manat da olsun nə dövlət komitəsindən, nə də obirilərindən kömək olub. Mən bunların demək olar hamısını öz cibimdən vermişəm, hətta işçilərin də. Mən müxalifəm ki, DAK ona-buna əl aça və pul ala. DAK-ın gərək özünün gəliri ola, diasporanın gərək özünün gəliri ola. Yəhudilərin bu cürə gəliri var, yunanların var – hamının disasporasının gəlirləri var. O gəlirlə gərək idarə oluna ki, müstəqil ola. Mən müstəqilliyini qoydum aliyə. İki şey iistədim, mən ticarəti qoymayacağam və biz gərək müstəqil olaq, bir də ki, birlik. İkisinə də mən bu gün nail oldum. Amma təəssüflər olsun ki, o adamlar ki bilir bu birləşmə ilə onlar düşəcəklər, qalmayacaqlar, - istəmirəm adlarını çəkəm, illərlədir düşüblər zəli kimi DAK-in canına, DAK-ı xəstə vəziyyətinə gətiriblər, onlar bilirlər ki, birlik qurultayından onlar cıxmayacaqlar, onunçün bir belə hay-küy saldılar, bundan-ondan da pul mənimsədilər, torpaq aldılar, çox işlər olub ki, indi mən xırdalamaq istəmirəm, - biz onlardan uzağıq və uzaq qalmalıyıq. Mən fikirləşirəm ki, hər kəsin əgər disaporada işləmək fikri var, İŞLƏMƏK ha, doğrudan da ora işləmək – axı bura ticarətxana deyil – gəlsin işləsin millətinə. Və öz aralırandakı (iş) xərclərini imkanlarına görə bölsünlər. Birinin imkanı var, milli bir insan-sahibkar kömək eləmək istəyir, onlar özləri bilər qəbul eləsin-eləməsin. Amma yenə mən təkrar edirəm, bu bir ildə bizə heç bir kömək olmadı və hətta mən keçən sədr sayın Cavad Dərəxtinin hesabatını boş sandıqla aldim. Sandiqda bir dollar da yox idi. Və mən bunu qurultayda da dedim seçimdən sonra. İndi həmən vəziyyətdəyik, bizim hesabımızda heç-zad yoxdur və bundan sonra əgər istəyirik ki, diaspora işləyə, onlara gərək “donation” (pul yardımı - AR) ola. İqtisadi məsələdə bir fikirnən ola.


-Siz dediniz ki, bundan əvvəl hökümət pul ayırmışdı. Nə qədər pul ayırıldığı haqqında bizə danışardız. Bu, yəqin ki, cənab Dərəxtinin başçılıq elədiyi dövrdə olub DAK-a.


- Mən onlara hesabat verən deyiləm. Mən istərəm ki, siz onların özlərindən soruşasınız. Şayət, mən az deyəm, çox deyəm, mən onların hamısına hörmət qoyuram, amma mən bilirəm ki, dövlət komitəsi köməklik edib onlara. Rusiyadan köməklik ediblər, Ukraynadan köməklik ediblər, onlar özləri hesabat verməlidirlər. Mən, üzr istəyirəm ki, onların hesabatına məsul deyiləm.


- Sabah Dünya Azərbaycanlıları Konqresinin sizəqədərki rəhəbrliyi də olacaqmı qurultayda?


- Mən dəvət eləmişəm, bilmirəm gələcək, ya gəlməyəcək. Amma, nəhayət beynəlxalq qurultaydır, dünyanın hər yerindən gələcəklər – Amerikadan, Rusiyadan, Londondan, Avropanın çox şəhərlərindən – və sanballı, mənalı və çox kulturlu qurultayımız keçəcək. Məxsusən Avropanın deputatlarından 5 nəfər söhbət edəcək, mən özüm söhbət edəcəm, doctor Ziya Səddi söhbət edəcək. Seminarda ilk dəfə olaraq Azərbaycan məsələsi bu seminarda keçiriləcək.

Sabir Rüstəmxanlı

Qulamrza Səbri Təbrizi deyir ki, o, Sabir Rüstəmxanlının başçılıq etdiyi qurumu legitim saymır. Eyni sözü həmkarım İlqar Rəsulla söhbətində Sabir Rüstəmxanlı da deyib.


- DAK-la bağlı istədik soruşaq. Sabah qurultayıdır və bu qurultayı birlik qurultayı adlandıranlar da var. Necə fikirləşirsiniz, bu birlik qurultayıdırsa, - DAK-ı ayri hesab edənlər də var - birləşdirə bilərmi? Döğrudan da birləşdiriləsi hissələr var?


- Əvvəla, heç bir DAK-ın birlik qurultayından söhbət gedə bilməz. Ümumiyyətlə DAK-ın qurultayından söhbət gedə bilməz. Çünki DAK-ın qurultayı, Dünya Azərbaycanlıları Konqresinin qurultayı diasporamızın ən güclü olduğu ölkələrdən seçilmiş nümayəndələrlə, xüsusi konfranslarda seçilmiş nümayəndələrlə, mandatlı nümayəndələrlə iyun ayının 6-sı, 7-si və 8-i Köln şəhərində keçirilib. Və ora 148 mandatlı nümayəndə qatılıb, təxminən bir 150 nəfər də qonaq olub. Yəni biz əvvəlki qurultayların təcrübəsindən istifadə eləsək o 150 nəfər qonağı da elə qurultay nümayəndəsi hesab edə bilərdik. Onda deyə bilərdik ki, 300 nəfər qurultaya adam qatılmlışdı. Amma yox, biz mandatla, ilk dəfə olaraq DAK-ın tarixində mandatla qurultay çağırıldı. Bu qurultayın çağırılmasına İdarə heyətinin 17 üzvündən 12-si səs vermişdi, razılıq vermişdi. Biri həbsdədir, 16-sı azadlıqda, onun da 4-ü kənarda qalmaqla 16-sı səs vermişdi (S.Rüstəmxanlı, görünür, 12 nəzərdə tutub, səhvən 16 deyib – AR). Və onların da əksəriyyəti, 9 nəfər qurultayda iştirak edirdi. Yerdə qalan üzrlü səbəbdən gəlməmişdi, amma telefonla qatılanlar da var idi. Amma əsas odur ki, qərarı 12 nəfər vermişdi, hamısı da bu qurultayın keçirilməsinə razı idi. Qurultay keçirildi, bitdi. Indi təzədən DAK-ın adından istiafdə edib ikinci bir qurultay keçirmək olmaz. Bu gün haqqında söhbət gedən, Brüsseldə keçirilən qurultay qurultay deyil. O, vaxtikən DAK-dan ayrılıb bir Süddan adlı təşkilat yaratmış müəyyən adamlarla DAK-dan qopmuş, DAK-ın köhnə sədri, amma DAK-ın İdarə heyətinin qərarı ilə DAK-ın sədrliyindən çıxarılmış Qulamrza Səbri Təbrizi, yanında da iki nəfər – DAK köhnə İdarə heyətinin üzvləri Vaqif Soltanlı və Paşa Qəlbinur olmaq şərtilə, 3 nəfər köhnə İdarə heyətindən və bir də DAK-a heç bir aidiyyatı olmayan adamlar bir KONFRANS keçirirlər. Elə dəvətnamələrdə də qurultay yox, konfrans yazıblar, konfrans keçirirlər. Nə istəyirlər eləsinlər. Dünya azərbaycanlılarının diasporası genişdir, böyükdür, ondan sonra orada müxtəlif adamlar var, Azərbaycanın taleyi ilə bağlı müxtəlif cür yığıncaqlar keçirə bilərlər. Amma bunun Dünya Azərbaycanlıları Konqresinə heç bir aidiyyatı yoxdur. Onlar, sadəcə olaraq, DAK-in köhnə sədri Qulamrza Səbri Təbrizi ilə DAK-dan köhnədən ayrılmış müəyyən adamların bir yerdə görüşüdür. Gedib görüşsünlər, amma bu təşkilat DAK adından danışa bilməz.


- Sabir bəy, Qulamrza Səbri Təbrizi də siz tərəfi ittiham edir ki, DAK-ın adından istifadə edib müəyyən işlər görürsünüz, məsələn dövlətdən yardımlar, torpaq alırsınız və sair. Yəni DAK-ı bir növ bazara çıxarmağın əleyhinə olduğunu bildirirlər…


- Bunlar hamısı məhkəməlik işlərdir. Qulamrza Təbrizi o yaşına-başına baxmayaraq o sözləri deyirsə bu məhkəməlik işdir. Gəlsin sübut eləsin. Onda mən də onu məhkəməyə verərəm, gəlsin sübut eləsin kim harada torpaq alıb. 20 ildir, 30 ildir cəmiyyət məni kifayət qədər tanıyır. Bu o Qulamrza Səbri Təbrizidir ki, DAK sədri keçən kimi Azərbaycan hökumətinə müraciət eləmişdi, cüt-cüt maşınlar istəmişdi, ofislər istəmişdi. Qeyri-qanuni qərargahın birində oturur hələ də. Ondan sonra, biz DAK olaraq qurultay keçirdik və nə hökumətdən bir qəpik pul istədik, almadıq onu, nə də kənardan, bir nəfərdən də olsun yardım almadıq. İndiyədək DAK-ı o cürə saxlamışdılar, biz ilk dəfə olaraq DAK-ı öz ayaqları üstə saxladıq. Qurultayımızı da keçirdik və bütün dünyaya da 3 gün ərzində DAK-ın qurultayı Avropa televiziyaları ilə translyasiya olundu.


-Sabir bəy, necə baxırsınız, ümumiyyətlə Dünya Azərbaycanlıları Konqresinin deyək ki, Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə dövlət komitəsindən yardım almasında bu işlərin aparılması üçün hansısa bir qəbahət varmı?


- Qəbahət var, yoxdur, mən o barədə heç nə deyə bilmərəm, amma hər halda dövlət proqramı ilə aydın bir şəkildə, şəffaf şəkildə diaspora işinə bir yardım varsa, onun mədəni tədbirlərinə, müəyyən proqramlarına, burada heç bir qəbahət yoxdur. Amma mən açıq deyirəm və indiyə qədər də bu cürə ediblər, bizim qurultay dövlət tərəfindən heç bir qəpik də yardım almayıb. Heç bir torpaq, iqamətkah-filan heç bir söhbət yoxdur, bunlar hamısı Səbri Təbrizinin özünün işləridir. Özü bilər, belə şeylər yapışmaz Səbri Təbrizinin yaşına və başına da yaraşmaz ki, bunu hesab edirem, yəni bu cığal uşaqlar olur ey, uşaq qarayaxması – təxminən ona bənzəyir – hər şeydən əli üzülür, indi də keçib belə şeylərlə, qarayaxma ilə məşğuldur.


- Sabir bəy, bəs bu yaxınlardakı müsahibələrinizin birində Siz hətta özünüzü həmsədr adlandırdıniz. Ola bilər ki, kimisə incik salmamaqçün də deyilə bilərdi, ya elə buçür də düşünürsünüz, amma DAK-ın parçalanmasını deyən var və hətta Sizi sədr görmək istəyib, qarşı tərəfin belə bir iddiası var, amma Siz tələsmisiniz və belə bir vəziyyət yaranıb. Buna münasibətiniz.


-Yox, Siz işin içində deyilsiz, ona görə də…


- Mən səslənən fikri Sizə çatdırıram.


- Qurultay Nizamnamədə dəyişiklik edib, Azərbaycan tarixi durumunun indiki vəziyyətini nəzərə alıb həmsədrlik qurumu müəyyənləşdirib və Nizamnamədə bu nəzərdə tutulub. Ona görə də iyun ayınln 6-8-i keçirilən qurultayda DAK-ın yeni İdarə heyəti seçilib, 17 nəfər və onlardan ikisi, Güzey Azərbaycandan Sabir Rüstəmxanlı və Güney Azərbaycandan bu gün Almaniyada yaşayan Firudin Təbrizli DAK sədrləri seçiliblər. Ona görə də bu indiki nizamnaməyə tam uyğun bir şeydir. 17 nəfərin 5 nəfəri Guzey Azərbaycandan, 4-ü Rusiyadan olmaqla, qalanları Türkiyə, Avropa ölkələrindən seçilmiş həddindən artiq diaspora arasında tanınan, nüfuzlu, hörmətli, etibarlı şəxslərdir bu 17 nəfər seçilib İdarə heyətinə. Və bunları tanıyan adamlar bilir ki, onlar hara, Qulamrza Səbri Təbrizinin iftiraları hara və özü hara ümumiyyətlə.


- Ümumiyyətlə bu Dünya Azərbaycanlıları Konqresinin gördüyü işləri təşkilatmı olaraq görür? Yoxsa bunun bəzən ayrı-ayrı fərdlərin hesabına keçirildiyini də iddia edirlər


-Yox, bütün qərarları təşkilat olaraq verir. Amma indi müxtəlif ölkələrdə yaşayır İdarə heyətinin üzvləri və hərəsi öz bacarığı daxilində başqa işlər də görür. Məsələn, indi bizim DAK-ın həmin Brüssel şəhərində, - qurultay adına yığıncaq keçirilən şəhərdə, sonra bilərsiz orada neçə adam var və sizə dəqiq cavab verərlər, ora Bakıdan bir 10-12 nəfər gedib, onun da yarısının fəaliyyəti yoxdur, təsadüfi adamlardır. – həmin yığıncaq keçirilən şəhərdə Dünya Azərbaycanlılarının Konqresi ilk dəfə olaraq Avropada öz iqamətgahını açır. Və orada bizim daimi işçilərimiz olacaq, və bu, diaspora təşkilatlarının daimi koordinasiya mərkəzi rolunu oynayacaq.


-Sabir bəy, Dünya Azərbaycanlıları Konqresinin qurultayı ilə Dünya azərbaycanlılarının qurultayında bir fərq varmı?


-Dünya azərbaycanlılarının qurultayı, deyək ki, elə lap sovetlər dövründən də arzulanırdı. Mən həmişə yazmışam və o vaxtlar da yazımışdım ki, bir azərbaycanşünaslıq qurultayı olsaydı nə yaxşı olar: Azərbaycanı tədqiq edən alimlərin bir yerə yığışması, yaxud da azərbaycanlıların bir qurultayı. Azərbaycan dövləti yaranandan sonra buna real şərait yarandı və dünyada yaşayan müxtəlif azərbaycanlılar dəvət olundu və qurultaylar keçirildi. Bu bir, belə desək, Azərbaycan Respublikasının dövlət olaraq təşəbbüsü ilə keçirilən və dünyada yaşayan azərbaycanlıları bir araya gətirən toplantıdır. Amma DAK bir təşkilatdır və bu təşkilatın keçirdiyi qurultayla o qurultayların müəyyən oxşar və fərqli cəhətləri var. Ən əsası odur ki, Dünya Azərbaycanlılarının qurultayı Azərbaycan dövlətinin təşəbbüsü ilə keçirilir və o qurultaylarda qoyulan bütün məsələləri dövlət komitəsi imkan daxilində yerinə yetirir, özünün xaricdə yaşayan azərbaycanlılarla mədəni əlaqələri, onlar vasitəsilə Azərbaycandan göndərilən informasiyaların dünyaya yayılması və sairə. Amma DAK-ın çox konkret hədəfləri var. Bu onun nizamnaməsində nəzərdə tutulub. O elə hədəflərdir ki, Azərbaycan dövləti məşğul ola bilməz. O ancaq DAK-ın beynəlxalq təşkilat olaraq Azərbaycanın bölünmüş bir xalq olması, Güneydə 35 milyon qardaşımızın yaşaması, onların insan haqqları, onların təhsil, mədəniyyət hüquqlarının qorunması və sair, bunlar elə bir məsələdir ki, bunlar Azərbaycan dövlətinə o imkanı vermir ki, bunun haqqında danışmağa. Amma DAK danışır bu barədə.


-Sabir bəy, sonuncu sualımı vermək istəyirəm. Bölünmüş bir xalqın problemlərinin həllinə çalışan bir qurumun özünün müxtəlif tərəflərə, belə demək mümkündürsə, dartışdırılmasına bir azərbaycanlı olaraq necə baxırsınız?


-O da bizim taleyimizdir. Və mən bu haqda qurultaydan sonra danışanda dedim ki, mən sevinirəm ki, DAK-ı biz molla əmmaməsinin altından çıxartdıq. Və Azərbaycanın bəzi komitələrinin qarşısında boyun burmaq əzabından da xilas etdik. DAK bu gün müstəqildir və mən sevinirəm ki, Kölndə keçirilən qurultaydan sonra belə bir müstəqilliyimiz var və bunu hər kəs gördü, bildi. Kimsənin minnətini götürmədən öz işimizi qurduq. DAK-ın heç bir qurultayında onun bu qədər təbliğatı getməmişdi. 14 saat ən aşağısı Avropada yayımlanan Türkiyə kanalları ilə bizim canlı yayınlarımız və dəyirmi masalarımız oldu. Onların hamısının surətləri də məndədir. Və heç vaxt o televiziyalarda Güney məsələsi, Qarabağ məsələsi bu qədər geniş müzakirə olunmamışdı. Bunu qoyub diaspora fəaliyyəti adına, Azərbaycanın dərdələrini qoyub bir kənara oyunbazlıqla məşğul olanlar təbii ki, DAK-ın bütövlüyünü istəmirlər. Biz məsləki, əqidəsi, ruhu, vətəndaşlıq eşqi olan və Azərbaycanın doğrudan da bütövlüyünü istəyən insaların bir təşkilatıyıq və bu cür də fəaliyyət göstərəcəyik.