AŞPA Ermənistana yanvara qədər vaxt verdi

Vəziyyət düzəlməsə, AŞPA Ermənistanın məsələsini təcili müzakirəyə çıxaracaq

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistanda seçkidən sonrakı hüquq pozuntularının aradan qaldırmaq üçün hakimiyyətə yanvara qədər vaxt verdi. İyunun 25-də PA-da Ermənistanla bağlı növbədənkənar dinləmələr keçirildi.


Ermənistan hakimiyyəti seçki məhbuslarını azadlığa buraxmalı, seçkidən sonra mitinqlər vaxtı həlak olanlar, yaralananlarla bağlı istintaqın ədalətli keçirilməsini nəzərdə tutur.


Ermənistanla bağlı qətnamə yaz sessiyasında qəbul olunmuşdu. Prezident seçkisindən sonra martda hakimiyyət müxalifət tərəfdarlarına qarşı zor işlətdi, 10 nəfər həlak oldu, 200-ə qədər adam yaralandı. AŞPA Ermənistan hakimiyyətinə iyun sessiyasına kimi vaxt vermişdi ki, əgər ölkədəki vəziyyəti düzəltməsə, qətnaməni icra etməsə, onda Ermənistanın məsələsini təcili müzakirəyə çıxaracaqlar. Ermənistan üzrə həmməruzəçilər bu sessiya üçün bildirdilər ki, ölkədə vəziyyət qənaətbəxş deyil.


Ermənistan parlamentinin rəhbəri David Arutunyan sessiyanın gedişində dedi ki, bu müddət islahatları başa çatdırmaq üçün kifayət deyil.


Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov dedi ki, AŞPA ikili standartla davranır, Azərbaycanla bağlı qətnamə daha sərt idi, baxmayaraq ki, Ermənistanda vəziyyət daha pisdir.


Azərbaycan nümayəndə heyəti qətnamə üçün düzəliş verməyib.