«Çox açıq dialoq apardıq»

ABŞ Dövlət katibinin müavini Devid Kramer

Bunu ABŞ Dövlət katibinin insan haqları və demokratiya məsələləri üzrə müavini Devid Kramer iyunun 27-də Bakıda keçirilən Azərbaycan-Amerika demokratiya dialoqundan sonra bəyan edib. Müzakirələr üç saata yaxın çəkib.


Kramer deyib ki, əsas diqqət payızdakı prezident seçkisi və media azadlığına yönəlib. ABŞ bu sahələrdə irəliləyişlər gözləyir:


«Jurnalistlərə qarşı olan basqı və hücumlar bizi narahat edir. Bu kimi basqıları törədənlər qanun qarşısında məsuliyyət daşımalıdırlar».


ABŞ rəsmisi bildirib ki, qarşıdakı seçkilər Azərbaycana ATƏT standartlarına uyğunlaşmaq üçün misilsiz imkan yaradır. Bununla yanaşı, Kramer vurğulayıb ki, seçkinin qiymətləndirilməsi zamanı təkcə səslərin sayılması yox, medianın işlək vəziyyətdə olması, namizədlərin kampaniyası da nəzərə alınacaq.


Kramer onu da deyib ki, Amerika-Azərbaycan dialoqları narahatlıqların həlli üçün mexanizm kimi tətbiq oluna bilər.


ABŞ Dövlət katibinin müavini Bakıya iyunun 26-da gəlib. Səfər müddətində o, hökumət rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri, müxalifət liderləri ilə görüşüb.


Amerika-Azərbaycan demokratiya dialoqları 2006-cı ilin dekabr ayından keçirilir.