Medvedev «Qazprom»un təkliflərini müzakirə etməyə gəlir

«Medvedevin səfəri zamanı əsas müzakirə ediləcək məsələ enerji ilə bağlı olacaq»

«Qazprom»un təklifləri hazırda danışıqlar masası üzərindədir. Prezident Dmitrii Medvedevin Bakıya səfəri zamanı bu məsələ müzakirə olunacaq». Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov iyulun 1-də keçirdiyi mətbuat konfransında belə deyib.


«Qazprom» uzunmüddətli müqavilə əsasında Azərbaycan qazını bazar qiymətlərinə almaq niyyətindədir. Bu təklifi Rusiya şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller prezident İlham Əliyevlə görüşdə səsləndirib.


Səfir bildirir ki, Medvedevin səfəri zamanı əsas müzakirə ediləcək məsələ enerji ilə bağlı olacaq. Rusiya prezidenti Bakıya geniş nümayəndə heyəti ilə gəlir. Səfər iyulun 3-4-də olacaq.


Geoloji kəşfiyyat məlumatlarına əsasən Azərbaycanın «Şahdəniz» qaz yatağı da daxil olmaqla 1,5 trln kub. m-ə qədər qaz ehtiyatına malikdir.


Dünyanın ən iri şirkətləri arasında 19-cu yerdə olan «Qazprom» özü 2007-ci ilə qədər Azərbaycana qaz ixrac edib. Lakin həmin ildən qazın qiyməti qaldırıldığından Azərbaycan onu almaqdan imtina edib.