«Məni məhkəməyə könüllü apara bilməyəcəklər…»

«Çox absurd bir vəziyyət yaranıb»

«Nə vaxt «Zeytunluq olayı» düzgün araşdırılacaq, nə vaxt məni bıçaqlayan adam mühakimə olunacaq, onda can-başla məhkəmədə iştirak edəcəyəm. Yoxsa məni məhkəməyə könüllü apara bilməyəcəklər…»


Bunu bu il fevralın 22-də «Zeytun bağı»nda döyülən, həmin hadisədən üç həftə sonra isə bıçaqlanan «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil deyir. Ancaq iyulun 3-də o, deyəsən könülsüz də olsa məhkəməyə getmək məcburiyyətində qalacaq. Çünki Nəsimi Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev onun prosesə məcburi gətirilməsi ilə bağlı qərardad çıxarıb. İstintaq materiallarında Aqil Xəlili Sergey Strekalin adlı bir şəxsin məişət zəminində bıçaqladığı bildirilir. Ancaq jurnalist deyir ki, siyasi sifarişlə bıçaqlanıb və məqsəd onu susdurmaq olub. İstintaqda Sergey Strekalini tanıdığı haqda ifadəni də zor və təhdidlər altında vermək məcburiyyətində qalıb:


«Çox absurd bir vəziyyət yaranıb. Mən deyirəm ki, bu adam məni bıçaqlamayıb, o, sevinməkdən nəyinsə xatirinə bu işi üzərinə götürür».



«Bu məsələyə məhkəmədə baxıb, müşavirədə qiymət verəcəklər. Bu iş kiminsə sözü ilə olmur. Yoxsa onda cinayət işi niyə qaldırılırdı»

Cinayət prosessual qanunvericiliyə görə, hakim zəruri bilərsə, zərərçəkən şəxsi məcburi qaydada məhkəməyə gətirdə bilər. Əslində bu, hakimin ixtiyarına verilən bir məsələdir. Nəsimi Rayon Məhkəməsinin hakimi Şahin Abdullayevin katibi də bizimlə söhbətində qeyd etdi ki, kimin günahkar olub-olmaması kənarda yox, məhz məhkəmədə aydınlaşdırılmalıdır. Ona görə də hakim Aqil Xəlilin prosesə gətirilməsini lazım bilib:
«Bu məsələyə məhkəmədə baxıb, müşavirədə qiymət verəcəklər. Bu iş kiminsə sözü ilə olmur. Yoxsa onda cinayət işi niyə qaldırılırdı».


Ancaq müdafiə tərəfi düşünür ki, istintaq ədalətsiz aparılıb. Məhkəmə də istintaqın yolu ilə gedib ədalətin tələbini yox, sifarişi yerinə yetirə bilər. Vəkil Elçin Sadıqovun sözlərinə görə, istintaq Aqil Xəlilin bıçaqlanmasını homoseksuallarla bağlamaqla siyasi şou hazırlayıb:
«Yenidən şou düzəltmək istəyirlər. Yalan ayaq tutar, yeriməz. Aqil Xəlil heç onu tanımır. Bir dəfə qorxudub boynuna qoydunuz, bu, daha olası deyil».


«Sərhədsiz Reportyorlar» beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatı da jurnalist Aqil Xəlil ətrafında baş verən hadisələri pisləyib. Bu təşkilatın təmsilçisi Elza Vidal:


«Bu, ədalətsiz qərardı. Bu məhkəmə Strekalinin məhkəməsi olmamalıydı. Biz istəyirdik ki, bu qəmgin olaya düzgün həll tapılsın. Ancaq hökumətdən belə bir istək görmürük».


Təşkilatın iyulun 2-də yaydığı bəyanatda isə deyilir ki, məhkəmənin Aqil Xəlili prosesə məcburi gətirmək qərarı hökumətin əsl günahkarları tapmağa çalışmadığını göstərir.