İ.Əliyev: «Biz beynəlxalq qurumda olmasaq nə olacaq?»

İ. Əliyev beynəlxalq qurumları Azərbaycana qarşı ikili standartlarda suçlayıb

İyulun 7-də səfirlərin toplantısında prezident İlham Əliyev bəzi beynəlxalq qurumları, xüsusən Avropa Şurasını Azərbaycana qarşı ikili standartlar siyasəti yürütməkdə suçlayıb. O, beynəlxalq qurumları bu siyasətlərinə son qoymağa çağırıb:


«Hansısa xarici amillər bizim siyasətimizə təsir edə bilməz. Biz eşidəndə ki, o düzgün deyil, bu yaxşı aparılmır, bunu deyən gedib öz ölkəsinə baxsın, güzgüyə baxsın. Heç kimin ixtiyarı yoxdur ki, Azərbaycanın daxili işinə qarışsın, bizə məsləhət versin, leksiya oxusun. Biz beynəlxalq qurumda olmasaq nə olacaq? Batacaqmı Azərbaycan? 1993-cü ildə - ən ağır dövrdə, Heydər Əliyev hakimiyyətə gələndə kim gəlib bizə arxa, kömək olub? Bizim pulumuz olmayanda, iqtisadiyyatımız batanda, sənayemiz tənəzzülə uğrayanda kimsə gəlib Azərbaycanın xəzinəsinə 1 manat qoyubmu ki, indi gəlib bizim imkanlarımıza nəzarət eləsin?».


İlham Əliyev deyib ki, Azərbaycan Avropa Şurasına könüllü qəbul olunub və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Dövlət başçısı bildirib ki, son illər Azərbaycanda insan haqları və demokratiyanın inkişafı ilə bağlı olduqca böyük işlər görülüb.


Müsavat Partiyasının başqanı İsa Qəmbər isə İlham Əliyevin fikirlərini bölüşmür. Onun sözlərinə görə, Azərbaycanda jurnalistlərin həbs edilməsi, azad sözə ciddi basqılar, insanların fundamental azadlıqlarının davamlı olaraq məhdudlaşdırılması ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini sübut edir:


«Heydər Əliyev bu öhdəliklərə imza atıb. İndi bu öhdəlikləri yerinə yetirməmək naminə Avropa Şurasını ikili standartlarda ittiham etmək, o qədər də ciddi yanaşma deyil. Çox təəssüf ki, Azərbaycan hökuməti düzgün qərarlar qəbul etmək yerinə, yersiz ritorika ilə gündəmi dəyişməyə çalışır».


İ.Qəmbərin fikrincə, İlham Əliyevin dedikləri beynəlxalq qurumların siyasətinə hər hansı təsir göstərə bilməz. Çünki onlar Azərbaycanda gerçək durumun necə olduğundan xəbərdardırlar.


Siyasi şərhçi Rauf Mirqədirov isə düşünür ki, Azərbaycan dövlət başçısının beynəlxalq qurumlar qarşısında götürülmüş öhdəlikləri yerinə yetirməməklə yanaşı, onları belə sərt tənqid etməsinin səbəbi Rusiya faktorudur:


«Qərb Azərbaycana ciddi təzyiq etməkdən qorxur. Bu zaman Azərbaycan xarici siyasət kursunu Rusiyaya tərəf çevirə bilər».


R.Mirqədirovun fikrincə, Avropa özü də hələ Azərbaycana münasibətini dəqiq müəyyən etməyib:


«Qərb hələ müəyyən etməyib ki, Azərbaycan onun üçün tranzit ölkədir, xammal qaynağıdır, yoxsa, gələcəkdə vahid Avropanın bir hissəsi. Bunu dəqiq müəyyən etməmiş isə Qərbin Azərbaycana münasibətinin kristallaşması mümkün deyil».


Siyasi şərhçi bildirir ki, indi rəsmi Bakı regionda bütün tərəflərin maraqlarını təmin etməyə çalışır. Qərbin enerji maraqlarını təmin etməklə yanaşı, Rusiya ilə yetərincə balanslı münasibətlər var. Başqa tərəfdən, Azərbaycan NATO ilə ciddi əməkdaşlıq edir, digər tərəfdən, İranla yetərincə normal partnyorluq edir.


Bununla belə, Rauf Mirqədirov bütün maraqları uzun müddət eyni dərəcədə təmin etməyin mümkün olmayacağını düşünür. Onun fikrincə, seçim etmək anı gələndə toqquşan maraqlardan hansınasa üstünlük vermək lazım olacaq.


Avropa Şurasının Baş katibi Terri Devis də «Azadlıq» radiosuna müsahibəsində Azərbaycanda demokratik inkişafla bağlı ciddi addımlara ehtiyac olduğunu vurğulayıb. Cənab Devisin sözlərinə görə, Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılmasından çox narahatdır. Onun fikrincə, ifadə azadlığı olmadan demokratiya mümkün deyil.