Azərbaycanın İraqda həlak olan sülhməramlısı Rəfael Ağayevin dəfnindən az qala yarım ay keçməsinə baxmayaraq, onun ölümü ilə bağlı müzakirələr səngimək bilmir. Müdafiə Nazirliyinin sülhməramlının «xidməti vəzifəsini yerinə yetirərkən» həlak olması ifadəsini hərbi ekspert Üzeyir Cəfərov qəbul etmir. Onun iddiasına görə, R.Ağayev nazirliyin dediyi şəraitdə deyil, yoldaşı tərəfindən qətlə yetirilib:
«Müdafiə Nazirliyi çox biabırçı şəkildə bu faktı gizlədir, bir kəlməlik «xidməti vəzifəsini yerinə yetirərkən həlak olması» cümləsi ilə kifayətlənir. Əslinə qalsa, bizim məlumatımız var ki, o öz xidmət yoldaşı tərəfindən qətlə yetirilib. Biz çalışırıq informasiya əldə edək, amma maksimum göstəriş verilib ki, nə mətbuata, nə də hərbi yönlü QHT- lərə məlumat verilməsin. Buna baxmayaraq, biz dəqiq bilirik ki, tamam fərqli bir şəraitdə heç bir terror, özünə qəsd, mina partlayışı nəticəsində dünyasını dəyişməyib, sırf xidməti yoldaşları tərəfindən baş vermiş bir hadisədir».
Rəfael Ağayev Azərbaycan Silahlı Qüvvələrinin İraqda hərbi xidmət çəkən 150 sülhməramlısından biridir. O, 2007-ci ilin yanvar ayında Xaçmaz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Sülhməramlı fəaliyyətini bitirməsinə üç gün qalmış isə onun ölüm xəbəri gəlib.
Mərhumun əmisi Abdulla Ağayev deyir ki, Rəfaelin qara xəbəri yayılan gün onun meyiti Xaçmazda olsa da, onu gizlədib bir gün sonra veriblər:
«Hərbi komissarlığa çağırıblar ki, axşam təyyarə ilə meyit gəlib çatacaq. Mən səhərisi ora gedəndə yolda qardaşıma zəng vurdum, deyiblər ki, təyyarə gecikib, gəlib çıxmayıb. Halbuki meyit Xaçmazda olub, bizdən gizlədiblər. Bizə yalan informasiya vermişdilər. Nəyə görə onu başa düşmürəm. Uşaq orada həlak olub - onların dediyinə görə. Meyit yuyulanda qardaşım orada olub. Dedilər ki, yaradır, boğaz hissəsindən girib, beyninin arxasından çıxıb».
Abdulla Ağayev deyir ki, əvvəl hərbi komissarlıqdan qardaşı oğlunun silahla ehtiyatsız davranması nəticəsində həlak olduğunu bildirsələr də, sonradan Müdafiə Nazirliyi başqa informasiya verib.
Rəfaelin xidməti yoldaşı tərəfindən öldürülməsi iddiasına gəlincə, Abdulla Ağayev belə bir məlumata malik olmadığını dedi.
Hərbi ekspert Üzeyir Cəfərov isə danışır ki, etibarlı mənbələrdən onlara yaxın günlərdə hadisə iştirakçısı olmuş şəxsin Azərbaycana qaytarılacağı və hərbi prokurorluqda araşdırma aparılacağını deyiblər.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu isə əsgərin müəmmalı şəkildə həlak olması ilə bağlı iddiaları əsassız sayır:
«Araşdırma gedir, o, xidməti vəzifəsini yerinə yetirərkən həlak olub. Bu cür sözlərin heç bir əsası yoxdur, mən bilirəm bunları kimlər səsləndirir, kimlər yazır. Heç bir müəmmalı ölüm yoxdur. Heç bir yoldaşı tərəfindən öldürülməyib. Xidməti vəzifəsini yerinə yetirərkən həlak olub. Biz aydınlığı ilə məlumat vermişik».
Azərbaycanın İraqdakı sülhməramlıları əl-Hədida şəhərindəki Su Elektrik Stansiyasını qoruyurlar.
Həlak olmuş sülhməramlının qohumları deyirlər ki, Müdafiə Nazirliyi Rəfaellə birgə İraqda xidmət çəkmiş əsgərlərin iyulun 25-də Xaçmaza gələcəyini bildirib və hadisənin necə baş verdiyini onlardan daha ətraflı öyrənməyi məsləhət görüb.
Rəfael Ağayevin ölümü Azərbaycan sülhməramlılarının İraqdakı fəaliyyəti dövründə ilk itkisidir.