Avropa Məhkəməsi Azərbaycanla bağlı 40 şikayətə yaxın zamanda baxacaq

Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 1600 şikayət daxil olub. Hazırda gündəlikdə mindən çox şikayət var. Bu barədə «Turan»a Avropa İnsan Haqları Məhkəməsinin hakimi Xanlar Hacıyev bildirib.


Onun sözlərinə görə, Avropa Məhkəməsi indiyədək Azərbaycanla bağlı 13 qərar qəbul edib: «Hazırda ilk növbədə qırxa yaxın iş baxılmaq üçün gündəlikdədir. Bu işlər üzrə yaxın zamanda qərarlar qəbul edilə bilər».
X.Hacıyev deyib ki, indiyədək qəbul edilən qərarlar ədalətli məhkəmə araşdırması hüququ, yığıncaq və toplaşmaq azadlığı, məhkəmə qərarlarının icra olunmaması, əmlak mübahisəsi, seçki prosesi ilə bağlıdır.


Hacıyev hesab edir ki, Azərbaycan Avropa Məhkəməsinin qərarlarının əksəriyyətini yerinə yetirib:


«Ancaq məlumatıma görə, işgəncələrin qadağan olunması ilə bağlı qərarın yerinə yetirilməsində problemlər mövcuddur. İnanıram ki, bu problem də aradan qaldırılacaq».


Hakim Azərbaycandan söz və mətbuat azadlığı ilə bağlı da Avropa Məhkəməsinə bir neçə şikayət daxil olduğunu bildirib: «Hazırda bu məsələlərin baxılması gündəlikdə deyil».