AXCP-nin həbsdə olan şöbə rəhbəri aclıq aksiyasına başlayıb

Həbsxana

İctimai Palatanın aprelin 2-də Bakıda keçirdiyi mitinqdə saxlanılaraq barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilən AXCP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Məcidli aclıq aksiyasına başlayıb.

Məlumatı «Media forum» saytına onun vəkili Azər Nağıyev verib.

Vəkilin dediyinə görə, M. Məcidli aprelin 15-dən aclıq aksiyasına başladığı barədə Bakı şəhər Prokurorluğunun müstəntiqi Nail Əliyevi də məlumatlandırıb.

Vəkil M. Məcidlinin saxlanma şəraitindən narazı olduğunu vurğulayıb:

«Aprelin 14-də Bakı Apellyasiya Məhkəməsində olanda, Məhəmməd bəy bir neçə gün əvvəl saxlanma yerinin dəyişdirildiyini və bundan narazı qaldığını dedi. Aprelin 15-də görüşəndə o, bir daha narazılığını ifadə etdi. Dedi ki, bura gətiriləndə yeri normal idi. İndi isə sanitar şəraiti pis olan kameraya köçürülüb. Kameranın işığı yanmır, yuyunmaq üçün heç bir vasitə yoxdur, qəzet-kitab verilmir. Buna etiraz olaraq o, aprelin 15-dən aclıq aksiyasına başladığını bəyan edib».

M. Məcidli Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ittiham olunur. Onun barəsində həbs qərarını Səbail rayon Məhkəməsi aprelin 4-də çıxarıb. Aprelin 14-də Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.