“Generation П” filminin siftəsi 2 milyon dollar oldu

Viktor Pelevin

Tanınmış rus yazıçısı Viktor Pelevinin «Generation П» romanı əsasında çəkilmiş bədii film aprelin 14-də ekranlara çıxıb və ötən şənbə-bazar da daxil olmaqla təxminən 2 milyon dollar gətirib.

“Ведомости» qəzeti xəbər verir ki, film Rusiyada və MDB ölkələrində ötən həftə ən çox gəlir gətirmiş ekran əsərləri arasında üçüncü olub.

Reytinqin birinci pilləsində “Rio” multfilmi (3D), ikinci pillədə isə “Scream 4” dəhşət filmi qərarlaşıb.

Multfilmdən gələn gəlir 5,7 milyon, dəhşət filmindən gələn gəlir isə 2,4 milyon dollar olub.

Mixail Bulqakovun “Usta və Marqarita” əsəri əsasında çəkilmiş eyni adlı film isə reytinqdə 6-cı olub (500 min dollar).

Pelevinin romanı əsasında film 5 ilə çəkilib. Rejissoru Viktor Ginzburq olan filmdə baş rolu Vladimir Yepifantsev oynayır.

Filmdə müasir rus kinosunun Aleksandr Qordon, Renata Litvinova, Mixail Yefremov, Vladimir Menşov kimi ulduzları da çəkilib.

Hətta tanınmış jurnalist, NTV kanalının keçmiş jurnalisti Leonid Parfyonov da filmdə rol alıb.

“P nəsli” romanı 1999-cu ildə çap edilib və 90-cı illərdə - Yeltsin Rusiyasında xaos və korrupsiya mühitində Tatarski adlı bir tələbə və şairin başına gələnlərdən, onun düşdüyü mühiti anlamağa çalışmasından bəhs edir.

Filmin treylerinə bax.

Həmçinin oxu
Tanınmış rus yazıçısının romanı ilk dəfə Azərbaycan dilində