Xristianlar Pasxa bayramını qeyd edir

Pasxa bayramının qeyd olunma tarixi hər il dəyişir

Aprelin 24-ü Pasxa bayramının kulminasiya nöqtəsidir. Xristianlar Pasxada İsa Peyğəmbərin Dirilməsini bayram edirlər.

Bu bayram xristianlıqda ən vacib ayindir və böyük şadyanalıqla qeyd olunur.

Kilsələr gül-çiçəklə bəzənir. Bu bayramın xüsusi himni və mahnıları var.

Pasxa bayramının qeyd olunma tarixi hər il dəyişir və bu, bir neçə başqa Xristian bayramının da tarixinə təsir edir.

Pasxa bayramının tarixi xristianlığın nüvəsidir. «Böyük Cümə» günü İsa peyğəmbər çarmıxa çəkilib. Onun cəsədi dar ağacından götürülüb və mağarada dəfn edilib.

Qəbri mühafizə olunub və mağaranın girişinə nəhəng daş qoyulub ki, kimsə meyiti oğurlaya bilməsin.

Bazar günü bir neçə qadın onun məzarına baş çəkir və daşın yerindən tərpədildiyini, qəbrin isə boş olduğunu görür.

Deyilənlərə görə, həmin gün və sonralar İsa Peyğəmbərin özü gözə görünür. Onun davamçıları inanırlar ki, Allah İsa peyğəmbəri dirildib.