Qaddafi Mısratadan çəkilməyi əmr edib

Liviyada Muammar Qaddafiyə tabe olan hərbi qüvvələrə son iki ayda mühasirədə saxladıqları Mısrata şəhərindən geri çəkilmək əmri verilib. Bu barədə müxalifətin silahlı qruplarının əlinə keçən bir yaralı əsgər bildirib. Onun sözlərinə görə əsgərlərə hələ ötən cümə günü geri çəkilmək əmri verilib. Onlar da aprelin 23-də əmri yerinə yetirməyə çalışırlarmış.

Liviya bildirir ki, ötən gecə NATO-nun hava hücumları ilə Qaddafinin Tripoli yaxınlığındakı qərargahlarından biri dağıdılıb. Hökumətin sözçüsü üç nəfərin həlak olduğunu bildirib.

ABŞ, Fransa və Britaniya liderləri Muammar Qaddafi hakimiyyətdən getməyincə hərbi əməliyyatlarında davam edəcəyini bildiriblər.

BMT-nin baş katibi Ban ki-Mun da Qaddafini silahı yerə qoymağa çağırıb. O, beynəlxalq koalisiya qüvvələrinin Liviyada apardığı hərbi əməliyyatlara görə Rusiyanın narahatlığını aradan qaldırmaq üçün aprelin 23-də prezident Dmitri Medvedevlə görüşüb.