Dünyaxanım Cərullayeva polisə aparılıb

Müsavat Partiyası başqanının müşaviri Dünyaxanım Cərullayeva polisə aparılıb.

Bu barədə AzadlıqRadiosuna partiyanın Səbail rayon təşkilatının sədri Hüseyn Məlik məlumat verib.

Aprelin 25-də D. Cərullayevanın evinə gələn polislər onun Səbail rayon Polis İdarəsinə getməsinə təkid ediblər.

H. Məlik deyir ki, D. Cərullayeva İctimai Palatanın keçirmək istədiyi 2 aprel mitinqi ilə bağlı açılan cinayət işinə görə polisə aparılıb.

Səbail rayon Polis İdarəsi ilə məlumatı dəqiqləşdirmək mümkün olmayıb.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna bildirib ki, D. Cərullayeva Səbail rayon Polis İdarəsi tərəfindən çağırılmayıb:

«Ola bilsin ki, onu 2 aprel hadisələri ilə bağlı yaradılmış istintaq-əməliyyat qrupu dəvət edib».

H. Məlik isə deyir ki, hazırda Dünyaxanım Cərullayeva istintaqda ifadə verir.