Prezident Aİ ilə danışıqların sürətləndirilməsi üçün göstəriş verdiyini deyir

Toivo Klaar İlham Əliyevin qəbulunda

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 21-də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı görüşdə Aİ ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların intensiv şəkildə aparılması və onun tez bir zamanda yekunlaşdırılması üçün müvafiq qurumlara tapşırıqların verildiyini diqqətə çatdırıb.

Azərbaycan Aİ ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna ,Moldova və Belarus) Aİ ilə inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna Aİ ilə assosiasiya sazişləri imzalayıb. 2017-ci ildə Ermənistanla da tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı dəqiq bilinmir. Belarusla isə əməkdaşlıq dayanıb.