AB Rusiya ilə münasibətlərin strategiyasını müzakirə edəcək

Arxiv fotosu

AB liderləri yeni strategiyanın tərkib hissəsi kimi Rusiya Prezidenti Vladimir Putinlə sammit keçirməyi də götür-qoy edəcəklər

İyunun 24-də Brüsseldə Avropa Birliyinin iki günlük sammiti başlanır. Blok liderləri Rusiya ilə münasibətlər üzrə yeni strategiyanı və Macarıstanda məktəb materiallarında LGBT-yə istinadları yasaqlayan qanunu müzakirə edəcəklər.

AB liderləri yeni strategiyanın tərkib hissəsi kimi Rusiya Prezidenti Vladimir Putinlə sammit keçirməyi də götür-qoy edəcəklər. Daha öncə ABŞ Prezidenti Co Bayden Putinlə görüşmüşdü.

Fransa və Almaniyanın təmsilçiləri Putinlə sammiti son anda təklif ediblər, bunun blokla əlaqələrin bərpasının mümkün yolu olduğunu deyiblər.

Amma AB-nin bəzi diplomatlarının fikrincə, Rusiya lideri ilə hər hansı sammit öncəsi münasibətlərdə yaxşılaşma olmalıdır.

Blok və Rusiya Ukraynadan tutmuş Belarusda insan haqlarına dair bir sıra məsələlərdə əks mövqedədirlər. Onlar bir-birini seçkilərə müdaxilədə, dezinformasiya yaymaqda, Şərqi Avropada təhlükəsizlik və sabitliyə təhdid yaratmaqda suçlayırlar.