Məhbus biznesmen bankiri qətlə yetirdiyini etiraf edib

Muxtar Ablyazov ittihamları iftira adlandırır

Qazaxıstanda məhbus olan biznesmen 2004-cü ildə ov səfəri zamanı bir bankiri qətlə yetirdiyini boynuna alıb və məhkəməyə deyib ki, bunu qaçaq düşmüş maqnat və prezident Nursultan Nazarbayevin qatı tənqidçisi Muxtar Ablyazovun göstərişi ilə edib.

Reketçiliyə və qanunsuz silah saxladığına görə ötən ildən bəri üç illik həbsxana cəzasını çəkməkdə olan Muratxan Toqmadı sözü gedən qətldə təqsirli olduğunu fevralın 16-da Taraz şəhərində keçirilən məhkəmədə etiraf edib.

Hakimiyyət orqanları bildirirlər ki, TuranAlem Bankın rəhbəri Erjan Tatişev 2004-cü ildə Toqmadı ilə ovda olarkən başına açılan yeganə atəşlə qətlə yetirilib.

O vaxt istintaq Tatişevin ölümünün bədbəxrt hadisə olduğu barədə nəticəyə gəlmiş və Ablyazov həmin bankın müdiri vəzifəsinə keçmişdi.

Qazaxıstan, Rusiya və Ukrayna tərəfindən 5 milyard dolları mənimsəməkdə şübhəli bilinən Ablyazov 2009-cu ildən bəri xaricdə yaşayır.

O mənimsəmə barədə ittihamları rədd edir və Toqmadıya Tatişevi öldürmək əmrini verdiyinə dair iddiaları “yalan” adlandırır.

Opponentləri və insan haqları qrupları bildirirlər ki, Qazaxıstanda 1991-ci ildən bəri hakimiyyətdə olan prezident Nursultan Nazarbayev fərqli düşüncəni təqib edir və potensial rəqiblərini zərərsizləşdirir.