CNN: Avropadakı ABŞ hərbçiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

ABŞ hərbçiləri

ABŞ-nin Avropadakı bir sıra hərbi bazaları terakt təhdidləri səbəbindən yüksək hərbi hazırlıq vəziyyətinə gətirilib. Bu haqda CNN məlumat yayıb.

CNN-in mənbələrinə görə, təhdidlərdən dolayı müdafiə səviyyəsi ikinci həddə qaldırılıb. Bu adətən kəşfiyyatda mümkün terror hücumu barədə informasiya olanda gerçəkləşdirilir.

Belə ki, hərbi personala, yaxud bu bazalardakı obyektlərə qarşı mümkün teraktlarla bağlı narahatlıq var.

Hazırlıq səviyyəsinin özəlliklə iyunun 30-da Almaniyanın Ştutqart şəhərindəki hərbi bazada tətbiq olunduğu xəbər verilir. ABŞ-nin Avropadakı qüvvələrinin baş qərargahı orada yerləşir.

Avropadakı ABŞ bazasından anonimlik şərtilə danışan mənbə CNN-ə deyib ki, onlar azı 10 ildir belə təhdid səviyyəsi görməyiblər.

Bəyanatlar verilib, qəzetlər yazıb

Eyni zamanda belə təhlükəsizlik tədbirlərinin görülməsinə hansı kəşfiyyat məlumatlarının səbəb olduğu bilinmir, - nəşr qeyd edir. CNN jurnalistlərinin ehtimalına görə, Amerika bazalarına təhlükəsizlik tədbirlərinin gücləndirilməsi daha öncə Avropa dövlətlərinin bəyanatları ilə bağlı ola bilər. Onlar Parisdə Olimpiya Oyunları öncəsi, hazırda Almaniyada keçirilən Avropa futbol çempionatı vaxtı potensial terror təhdidi ilə bağlı bəyanatlar dilə gətirmişdilər.

Bu ilin mayında "The New York Times" ABŞ və Avropa təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadla yazırdı ki, Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Ukraynaya dəstəyi sarsıtmaq kampaniyası çərçivəsində Avropada diversiya əməliyyatlarını işə salıb.

Britaniyanın "The Financial Times" qəzeti isə mayda qeyd edib ki, Avropa ölkələrinin xüsusi xidmətləri Rusiya tərəfdən diversiya təhdidi ilə bağlı öz hökumətlərinə xəbərdarlıq göndəriblər. Nəşrin həmsöhbətlərinə görə, Rusiya hakimiyyəti Avropada infrastruktura partlayışlar, yanğınlar və digər hücumlar planlaşdırır. Moskvanın daha aqressiv şəkildə, həm birbaşa, həm də vasitəçilərlə hərəkətə keçməyə hazır olduğu bildirilirdi.