ABŞ qanunvericiləri Gürcüstan hökumətinin tanınmasını yasaqlamaq istəyir

Hakim "Gürcü arzusu"nun lideri Bidzina İvanişvili və dekabrın 29-da Gürcüstanın prezidenti olmuş Mixeil Kavelaşvili.

ABŞ qanunvericiləri "Gürcü arzusu" hökumətinin tanınmasını yasaqlayan qanun layihəsi təqdim etməyə hazırlaşırlar. Bu addım "Gürcüstanda demokratiyanı Rusiya Federasiyasının xeyrinə zəiflətdiyi üçün" Rusiyayönlü milyarder, hakim partiyanın qurucusu Bidzina İvanişvilinin sanksiyalara məruz qalmasından iki həftə sonra atılıb.

"Fox News" telekanalı yanvarın 8-də bildirib ki, ABŞ parlamentinin hər iki palatasının dəstəklədiyi qanun layihəsi gün ərzində Nümayəndələr Palatasına (Parlamentin aşağı palatasına - red.) təqdim ediləcək.

"Fox News"un eksklüziv bilgisinə görə, qanun layihəsi "İvanişvili rejiminin gürcü xalqına qarşı aramsız cinayətləriylə bağlı Bidzina İvanişvili və ya onun güvəndiyi şəxslərin başçılıq etdiyi istənilən Gürcüstan hökuməti ilə" münasibətlərin normallaşmasını və ya onun tanınmasını yasaqlayır.

"ABŞ-nin heç bir federal məmuru və ya işçisi Bidzina İvanişvili və Gürcüstan hökumətinin tanınması və tanımaq düşüncəsində olması üçün hər hansı tədbir görə və bu məqsədlə hər hansı federal vəsait təqdim edilə bilməz", - qanun layihəsinə dayanan telekanalda belə deyilib.

Sözügedən qanun layihəsinin sponsorlarından biri, Helsinki Komissiyasının sədri, respublikaçı konqresmen Co Uilson yeni seçkilərin keçirilməsinə çağıran 43 amerikalı və avropalı siyasətçinin imza atdığı məktubu dərc edib: "İvanişvilinin "Gürcü Arzusu" müxalifətin və beynəlxalq müşahidəçilərin son seçkilərlə bağlı qanuni narahatlıqlarına məhəl qoymamaq qərarına gəlib, təkpartiyalı qanunvericilik orqanı formalaşdırıb və yekdilliklə yeni prezident seçib. …Onlar yüz minlərlə nümayişçinin gecə etirazlarına zorakılıqla cavab veriblər. Gürcüstan xalqı azad və ədalətli seçkilər tələb edir. Biz onlarla həmrəy olmalıyıq".

Bir vaxtlar ABŞ-nin yaxın müttəfiqi olan Gürcüstan Rusiyaya yaxınlaşması və hökumət əleyhinə etirazları amansızca dağıtmasıyla rəsmi Vaşinqtonla Avropa İttifaqını qəzəbləndirib.

Sanksiyaların ölkə taleyinin həlledici məqamında qəbul edildiyi deyilir. Gürcüstan Rusiyaya daha çox yaxınlaşsa, Aİ ilə inteqrasiya yolunda qarışıqlıq və qeyri-müəyyənlik ab-havasında qala bilər.

Xatırlatma

Ötən ilin dekabrında Aİ-yə namizəd statusu qazansa da, Gürcüstanda "xarici agentlər" və cinsi azlıqlara dair mübahisəli qanunlar qəbul edilib. Brüssel bu qanunları Avropanın dəyər və prinsiplərinə zidd saydığından Gürcüstanın Aİ-yə üzvlük danışıqlarını başlatmaqdan vaz keçib.

Qərb dövlətləri oktyabrda keçirilən parlament seçkilərinin sonuclarına şübhəylə yanaşır. Rəsmi bilgiyə görə, hakim "Gürcü Arzusu" 54 faiz səslə seçkidə qalib gəlib. Ancaq seçkilərin qanun pozuntuları və Rusiyanın müdaxiləsiylə keçirildiyi iddia edilir. Müxalifətin iki ekzit-polu hakim partiyanın 42 faiz səs topladığını göstərib. Həmin sorğularda dörd müxalif partiyanın, açıq-aşkar, səslərin çoxunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib.