Aprelin 12-də Omanda Vaşinqton və Tehranın yüksəkvəzifəli nümayəndələrinin görüşü planlaşdırılıb.
Bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.
"İran və Birləşmiş Ştatlar yüksək səviyyədə dolayı danışıqlar üçün şənbə günü Omanda görüşəcək. Bu, həm fürsət, həm də sınaqdır. Top Amerikanın tərəfindədir", - o, özünün "X" səhifəsində yazıb.
Görüşdə ABŞ nümayəndə heyətinə prezidentin xüsusi elçisi Stiven Uitkoff, İran heyətinə isə A.Əraqçi rəhbərlik edəcək.
ABŞ və İran birbaşa danışıqlara başlayıb - Tramp
ABŞ və İran Tehranın nüvə proqramı ilə bağlı birbaşa danışıqlar aparır, - bunu ABŞ prezidenti Donald Tramp Ağ evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə bildirib.
"Biz İranla birbaşa danışıqlar aparırıq, onlar artıq başlayıb. Şənbə günü.. çox böyük görüşümüz olacaq, baxaq görək bundan nə çıxacaq. Məncə, hamı razılaşar ki, saziş bağlamaq daha yaxşı olardı", - Tramp jurnalistlərə deyib.
O, danışıqların təfərrüatlarını açıqlamayıb.
Netanyahu bildirib ki, o və Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almaq istəyində yekdildir: "Liviyada olduğu kimi, buna diplomatik yolla, tam şəkildə nail olmaq mümkün olsaydı, düşünürəm ki, yaxşı olardı".
Tramp ikinci prezidentlik müddətinə başlayarkən yeni nüvə sazişi bağlamaq istəyindən danışıb. Martın sonunda o, Tehranı iki ay ərzində razılaşmaya getməsə, hərbi zərbə və rüsumlarla hədələmişdi.
Bundan əvvəl İran rəsmiləri ABŞ ilə birbaşa danışıqlara getməyəcəklərini, lakin vasitəçilər vasitəsilə danışıqlara hazır olduqlarını bəyan etmişdilər.
İran prezidenti Məsud Pezeşkian aprelin 5-də parlamentdə çıxışı zamanı İranın ABŞ ilə "bərabərhüquqlu" dialoqa hazır olduğunu bildirib. "Danışıqlar istəyirsinizsə, hədələməyin mənası nədir?", – o, sual edib.
2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran arasında nüvə sazişi - Birgə Hərtərəfli Fəaliyyət Planı imzalanıb. Saziş İranın nüvə proqramının məhdudlaşdırılması müqabilində ölkəyə qarşı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.
2018-ci ildə, Donald Trampın birinci prezidentliyi dövründə ABŞ sazişdən çıxıb və İrana qarşı yeni sanksiyalar tətbiq edib. Bir il sonra Tehran müqavilə üzrə öhdəliklərini dayandırıb.