ABŞ-ın Qafqaz danışıqları üzrə elçisi Bakıdadır

Lui Bono

Bu gün, martın 18-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono (Louis Bono) ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüş zamanı əməkdaşlıq, regiondakı mövcud vəziyyət, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin bir sıra aspektləri müzakirə olunub.

C.Bayramov Azərbaycanın sülh prosesinə sadiq olduğunu deyib.

L.Bono Azərbaycandan öncə Ermənistanda səfərdə olub. Orada da bir sıra rəsmilərlə görüşərək həm əməkdaşlıq məsələlərini, həm də Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını müzakirə edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə sülh danışıqları aparılsa da, hələlik, saziş imzalanmayıb. ABŞ Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyir.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də isə Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.