ABŞ Nicolas Maduro rejiminə qarşı təzyiqləri artırır

Nicolas Maduro

ABŞ Venesuelada prezidentliyini qorumağa çalışan Nicolas Maduro rejiminə qarşı təzyiqləri artırır.

Martın 1-də elan edilən qərara əsasən Maduro rejiminin 49 nümayəndəsi və onların ailə üzvlərinə qarşı viza qadağası tətbiq edilib.

Bunu Fox News televiziyasına müsahibəsində Trump administrasiyasının Venesuela üzrə xüsusi elçisi Elliot Abrams deyib.

ABŞ bundan əvvəl energetika sektoru da daxil olmaqla Venesuela hakimiyyətinə qarşı sanksiyalar tətbiq edib.

Buna baxmayaraq Maduro hələ də hakimiyyətini qoruyub saxlayır.

Amma Abraqms hesab edir ki, sanksiyaların təsiri hələ ki, tam işə keçmədiyindən bu yalnız zaman məsələsidir.

Elliot Abrams, Venesuela müxalifətinin lideri Juan Guaido ilə əlaqə saxlamaqda davam edir.

Amma o Maduronun Karakasda görüşmək təklifini rədd edib.

Hazırda Braziliyadada olan Guaido yaxın vaxtlarda vətənə dönəcəyini vəd edib.

Müxalifət lideri və parlamentin sədri Juan Guaido yanvarda özünü müvəqqəti ölkə başçısı elan edib və bundan sonra ABŞ, Kanada, bir sıra Iatın Amerikası və Avropa Birliyi ölkələri onun legitimliyini qəbul ediblər.

Rusiya isə Venesuela böhranında Maduronun tərəfini saxlayır və Birləşmiş Ştatları bu ölkənin daxili işlərinə qarışmaqda günahlandırır.