ABŞ-da Hellouin şənliklərində baş vermiş atışmalarda 6 nəfər həlak olub

Polis tərəfindən şübhəli şəxs kimi müəyyən edilən kişi

ABŞ-ın Florida, Texas və İndiana ştatlarında ötən həftəsonu keçirilən Hellouin şənliklərində baş vermiş atışmalarda 6 nəfər həlak olub, daha 40 nəfər yaralanıb.

NBC telekanalının məlumatına görə birinci insident İndiana ştatında baş verib. Yerli polis bildirir ki, şənlik iştirakçılarından birinin atəş açması nəticəsində 1 qadın həlak olub, 9 nəfər yaralanıb. Polis hadisə yerində bir neçə tapança aşkar edib.

İkinci hadisə Florida ştatının İbor-Siti şəhərində baş verib. Polisin verdiyi məlumata görə atışma iki rəqib cinayətkar qruplaşma arasında olub.

CNN xəbər verir ki, toqquşma iki qrup arasında olsa da, yaxınlıqda çox sayda adamlar olub və atışma nəticəsində iki nəfər ölüb. Bunlar 14 yaşlı bir uşaq və 22 yaşlı bir gəncdir. Hadisədə yaralanan daha 18 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan ikisinin vəziyyəti son dərəcə ağırdır.

Tampa şəhərinin polis idarəsi xəbər verir ki, atəş açanlardan biri saxlanıb, ikinci şübhəlinin axtarışı davam edir.

Daha bir atışma Texas ştatının Teksarkana şəhərində yer alıb. Burada da atışmanı iki nəfər başlayıb.

Polisin məlumatına görə insident iki nəfərin mübahisəsindən başlanıb. Ən azı iki nəfər tapançalarını çıxararaq atəş açmağa başlayıb.

Bu atışma nəticəsində üç nəfər həlak olub, daha üç nəfər yaralanıb.

Men ştatında 22 nəfəri öldürməkdə ittiham olunan şəxs ölü tapılıb

Men ştatının Lyuiston şəhərində 22 nəfəri öldürməkdə ittiham olunan Robert Kard Androsskoqin çayının kənarında ölü tapılıb.

Bu barədə ABŞ-ın CNN televiziyası yerli orqanlara istinadən xəbər verir.

CNN-ə danışan rəsmilərin sözlərinə görə, meyit şübhəli şəxsin daha öncə qovulduğu zavodun yaxınlığındakı ərazidə tapılıb.


***

ABŞ-ın Men ştatının Lyuiston şəhərində naməlum şəxs adamlara atəş açıb. Son məlumatlara görə, azı 22 nəfər həlak olub, 60 nəfər yaralanıb. Məlumatı CNN və "NBC News" yayıb.

Polis atəş açanın kimliyini müəyyənləşdirib. İlkin məlumata görə, o, 40 yaşlı Robert Karddır. Yerli dairə şerifinin ofisinin yaydığı fotoda saqqallı bir kişinin əlində hücum tüfəngi tutduğu görünür. Polis şübhəlinin hələ də azadlıqda olduğunu bildirir.

Şəhər sakinlərinə təhlükəsiz yerlərə çəkilmək tövsiyə olunub.

"The Sun Journal" qəzeti Lyuiston şəhər polisinə istinadla üç müxtəlif məkanda atışma olduğunu yazır. Onlar bir-birindən bir neçə kilometrlik məsafədə yerləşir.

"NBC News"un mənbəsi atəş açanın kriminal keçmişi ola biləcəyini deyir, ancaq, hələlik, motivləri bəlli deyil.

2019-cu ildən bəri...

Ağ ev bildirir ki, Prezident Co Baydenə (Joe Biden) hadisə barədə məlumat verilib, operativ bilgiləndirilir.

Lyuiston Men ştatının ən böyük şəhəri Portlenddən 56 km şimalda yerləşir.

Ştat polisinin məlumatına görə, 2012-ci ildən ştatda hər il 16-29 arası insan qətlə yetirilir.

Ölənlərin sayı təsdiqlənərsə, bu, 2019-cu ilin avqustundan ABŞ-da ən çox ölümlə nəticələnmiş atışma olacaq. Həmin il silahlı El-Pasodakı "Walmart"da alıcılara atəş açıb, 23 nəfər öldürülüb.

İndiyədək ABŞ-da ən çox adamın öldürüldüyü kütləvi atışma 2017-ci ildə baş verib. Las-Veqasda silahlı bir oteldən musiqi festivalına gələnlərə atəş açıb, 58 nəfər həlak olub.