900 amerikalı diplomat Trump-a etiraz edir

Çikaqoda D.Trump-ın qərarına etirazlar - 28 yanvar 2017

900-ə yaxın ABŞ diplomatı prezident Donald Trump-ın miqrantlarla bağlı qərarına etirazını bildirib. Məlumatı ABŞ-ın Dövlət Departamenti təsdiqləyib.

Dünyanın müxtəlif yerlərində çalışan diplomatlar etiraz memorandumunu departamentə xüsusi kanal vasitəsilə çatdırdıqlarını deyirlər.

«PROQRAMLA RAZILAŞMAYANLAR GETSİNLƏR»

Keçən həftə D.Trump bəzi müsəlman ölkələrindən gələnlərin ABŞ-a girişini 90 günlüyə, qaçqınların girişini isə 120 günlüyə yasaqlayıb.

Diplomatlar hesab edirlər ki, prezidentin bu sərəncamı Birləşmiş Ştatların müsəlman ölkələriylə münasibətlərini korlayır, antiamerikan hisslərini alovlandırır, ABŞ-a gəlməyə əsaslı səbəbi olanları incik salır. Üstəlik, Amerika dəyərlərinə – miqrantlara göstərilən isti münasibətə, ayrı-seçkiliyə qarşı prinsiplərə, ədalətə ziddir.

Sərəncama ABŞ-ın baş prokuroru vəzifəsini icra edən Sally Yates də qarşı çıxıb, məhkəmədə qərarı müdafiə etməyəcəyini söyləyib. Elə buna görə də S.Yates srağagün vəzifəsindən azad olunub.

Dünən – yanvarın 31-də isə Ağ evin sözçüsü Sean Spicer diplomatlara xəbərdarlıq edərək, prezidentin ölkənin təhlükəsizliyi naminə qərar verdiyini bildirib, «bu proqramla razılaşmayanlar gedə bilərlər» deyib.

QADAĞA MÜDDƏTİ UZADILA BİLƏR

ABŞ prezidentinin 90 günlük qadağası 7 müsəlman ölkəsinə – İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəməndən gələnlərə aiddir.

Suriyalı qaçqınlar.

Etirazlara rəğmən, siyahıya başqa ölkələr də əlavə edilə, siyahıdakıların qadağa müddəti isə uzadıla bilər. «Reuters» xəbər agentliyi ABŞ-ın təhlükəsizlik naziri John Kelly-nin dünənki çıxışını yayımlayıb. Nazir deyib ki, dağılmaq həddində olan ölkələrin adı siyahıdan tezliklə çıxarılmayacaq.

Qaçqınlara viza verilməsini yasaqlayan sərəncamda isə, özəlliklə, Suriyadan gələnlərin ölkəyə girişinin önlənməli olduğu vurğulanır.

«Reuters»in yazdığına görə, Birləşmiş Ştatlara üz tutan qaçqınların çoxu Konqo Demokratik Respublikası, Suriya, Myanma, İraq və Somalidən gələnlərdir. Bu qaçqınlar 2016-cı ildə ABŞ-a köçənlərin 70%-ni təşkil edib. Agentlik keçənilki qaçqınların 46%-nin müsəlman, 44%-nin xristian olduğunu qeyd edir.

110 MİN 50 MİNƏ ENDİRİLƏ BİLƏR

Keçmiş prezident Barack Obama-nın administrasiyası 2016-cı ildə ölkədə 10 min suriyalının yerləşdirilməsinə göstəriş vermişdi. Ümumiyyətlə, ötən il ABŞ 85 min qaçqını qəbul edərək, ən çox qaçqın yerləşdirən ölkə kimi qeydə alınmışdı. 2017-ci ildə isə B.Obama 110 min qaçqının ölkəsində yerləşdiriləcəyini deyirdi. D.Trump bu rəqəmin 50 minə endirilməsi haqda göstəriş verib.

«Reuters» keçmişdə ABŞ-ın qapılarını miqrantlara daha geniş açdığını, məsələn, 1980-ci ildə çoxu Vyetnamdan olan 200 min qaçqını qəbul etdiyini xatırladır.

BMT-nin qaçqınlarla iş üzrə agentliyinin – UNHCR-nin məlumatına görə, hazırda dünyada 21.3 milyondan çox qaçqın var və onların yarısı uşaqdır.

Hüquq müdafiəçiləri Birləşmiş Ştatların öz ənənələrinə dönük çıxaraq qapılarını bu insanların üzünə bağlamasıyla barışa bilmir, prezidentin qadağasının ABŞ-a yaraşmadığını söyləyirlər.

Qeyd edək ki, amerikalıların 49 faizi Trump-ın qərarını dəstəkləyir, 41 faizi əleyhinədir. Bunu da «Reuters/Ipsos» sorğusu üzə çıxarıb. Sorğunun nəticələrinə görə, demokratların 53 faizi Trump-ın hərəkətindən «bərk narazıdır», respublikaçıların 51 faizi isə onu «güclü şəkildə dəstəkləyir».