Rusiya və ABŞ aprelin 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə məhbus mübadiləsi həyata keçirib. "The Wall Street Journal" (WSJ) xəbər verir ki, iki ölkənin xüsusi xidmət orqanları mübadilə barədə razılığa gəlib. WSJ ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffə istinad edir. Rusiya tərəfi, hələlik, mübadiləni rəsmi olaraq təsdiqləməyib.
Bildirilir ki, Moskva Rusiya və ABŞ vətəndaşlığına malik Kseniya Karelinanı azad edib. O, dövlətə xəyanət maddəsi ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. İddiaya görə, o, Ukrayna Silahlı Qüvvələrinə kiçik məbləğdə pul köçürüb. Vaşinqton isə 2023-cü ildə Kiprdə ABŞ-nin tələbi ilə həbs edilmiş, Almaniya və Rusiya vətəndaşı Artur Petrovu Rusiyaya təhvil verib. Petrov sanksiyaları pozaraq Rusiyaya mikroelektronika tədarük etməkdə ittiham olunub.
Karelinanın vəkili onun sərbəst buraxıldığını və ABŞ-yə yollandığını təsdiqləyib. Onun azadlığa buraxılması dövlət katibi Marko Rubio tərəfindən də təsdiqlənib. Rubio X hesabındakı paylaşımında bildirib ki, Karelina Rusiyada haqsız yerə saxlanılıb və ABŞ prezidenti Donald Tramp "onun azadlığa buraxılmasını təmin edib".