ABŞ və Rusiya diplomatları İstanbulda görüşəcək

Temmi Brüs

Temmi Brüs

ABŞ və Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyətini normallaşdırmaq məqsədilə aprelin 10-da İstanbulda danışıqları davam etdirəcəklər.

ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brüs aprelin 8-də jurnalistlərə bildirib ki, Moskva və Vaşinqton nümayəndə heyətləri səfirliklərin fəaliyyəti ilə bağlı məsləhətləşmələrin ikinci raundunu keçirəcək.

Danışıqlarda siyasi və ya təhlükəsizlik məsələlərinin müzakirə olunmayacağını deyən T.Brüs Ukraynadakı müharibənin "qətiyyən" gündəlikdə olmayacağını vurğulayıb: "Bu danışıqlar yalnız səfirliklərimizin fəaliyyəti ilə bağlıdır, ümumilikdə ikitərəfli münasibətlərin normallaşdırılması ilə bağlı deyil. Bu, bizim də dəfələrlə qeyd etdiyimiz kimi, yalnız Rusiya və Ukrayna arasında sülh bərqərar olduqdan sonra mümkün ola bilər".

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl bildirmişdi ki, Rusiya nümayəndə heyətinə ölkənin ABŞ-dəki səfiri Aleksandr Darçiyev, amerikalı nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək.

Vaşinqton və Moskvanın nümayəndə heyətləri sonuncu dəfə fevralın 27-də İstanbulda görüşüblər. Hər iki tərəf bağlı qapılar arxasında keçirilən danışıqların birinci raundunu "faydalı" adlandırıb.