ABŞ səfirləri Yerevanda toplaşır

Yerevan

Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibinin köməkçisinin Cənubi Qafqaz, regional münaqişələr və Cənubi Avropa üzrə müavini Erika Olson Cənubi Qafqaza səfər edəcək.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. Məlumata görə, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda Katib müavininin yeni təyin edilən köməkçisi Erika Olson regional əməkdaşlığı inkişaf, ikitərəfli məsələləri müzakirə etmək üçün Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək: "Yerevanda xanım Olson noyabrın 2-dən 4-nə kimi ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi, Gürcüstandakı səfiri Kelli Deqnan və Azərbaycandakı səfiri Li Litzenberqer, Qafqaz danışıqları üzrə baş məsləhətçi Endrü Şofer və USAID-in administrator müavininin köməkçisi Aleksandr Sokolovski ilə birlikdə Missiya rəhbərlərinin regional toplantısında iştirak edəcək".

Səfirlik bildirir ki, onlar regiondakı hər üç ölkə ilə bağlı siyasətlərini daha yaxşı əlaqələndirmək məqsədilə fikir, məlumat mübadiləsi aparmaq üçün regiondan və Vaşinqtondan olan həmkarları ilə bir araya gəlməkdən məmnundurlar: "İştirakçılar Ermənistan hökuməti və vətəndaş cəmiyyətinin nümayəndələri ilə daxili müzakirələr, eləcə də məlumat xarakterli görüşlər keçirəcəklər. 2019-cu və 2018-ci illərdə ABŞ-ın Bakıdakı, Tbilisidəki səfirlikləri regional missiya rəhbərlərinin görüşlərinə ev sahibliyi ediblər".

E.Olson Ermənistandan sonra Azərbaycan və Gürcüstana səfər etməlidir.