ABŞ-da respublikaçılar Senata nəzarəti geri aldılar

ABŞ Senatı və Nümayəndələr Palatasının yerləşdiyi "Capitol Hill"

ABŞ-da Respublikaçılar partiyası noyabrın 5-də keçirilən seçkilər zamanı azı 52 yer qazanaraq Senata nəzarəti bərpa edib, - "The Associated Press" xəbər verir.

Senatorların üçdə biri yenidən seçilib. Son məlumatlara görə, respublikaçılar Qərbi Virciniya, Montana və Ohayo ştatlarında qalib gələrək demokratların yerlərini tutublar. Səslərin sayılması davam edir, altı ştatda nəticələr hələ açıqlanmayıb. Proqnozlara görə, respublikaçıların onlardan ən azı ikisində qazanmaq şansı var.

Konqresin yuxarı palatasında - hər ştatdan iki nümayəndənin seçildiyi Senatda ümumilikdə 100 yer var. Hər iki ildən bir Senatın üçdə biri yenilənir. Son dörd ildə Senata demokratlar nəzarət edirdi.

Nümayəndələr Palatasına seçkilərin nəticələri də daxil olmaqdadır. Aşağı palata iki ildən bir tam yenilənir: 435 yerin hamısı. İndi orada çoxluq respublikaçılara məxsusdur və onlar bunu qorumaq niyyətindədirlər. Hazırda, son səs sayımına görə, onların 201, demokratların isə 182 yerləri var. Daha 51 yer üzrə nəticələr gözlənilir. Kimin çoxluğa sahib olacağı, hələlik, qeyri-müəyyəndir.

ABŞ prezident seçkilərində də respublikaçı namizəd Donald Tramp qalib gəlib. Respublikaçılar Konqresin hər iki palatasına nəzarəti ələ keçirsələr, onun öz siyasətini həyata keçirməsi xeyli asanlaşacaq.

Buna da bax: Harris Trampı təbrik etdi