ABŞ hərbi yardımı Ukrayna sərhədinə çatıb

"Patriot" hava hücumundan müdafiə sistemi.

ABŞ-nin Ukraynaya hərbi yardımı artıq Polşa sərhədindən keçməyə başlayıb. Bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski martın 12-də ukraynalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Mən təsdiq edə bilərəm ki, Yasionka vasitəsilə silah tədarükü əvvəlki səviyyəyə qayıdıb", - Sikorski Polşanın cənub-şərqindəki hərbi logistika mərkəzinə istinadən bildirib.

ABŞ prezidenti Donald Tramp və onun ukraynalı həmkarı Volodimir Zelenski arasında Ağ evdəki gərgin görüşdən sonra Vaşinqton Ukraynaya hərbi yardımın dondurulduğunu açıqlamışdı.

ABŞ-nin hərbi yardımı dayandırması Ukraynada dərin narahatlığa səbəb olub. Bu narahatlıq "Current Time"nin cəbhə bölgəsindəki Ukrayna əsgərləri ilə müsahibələrində də vurğulanıb.

Ukraynanın şərqindəki Donetsk vilayətində artilleriya bölməsində xidmət edən Sokol ləqəbli əsgər bildirib: "Bizə daha çox silah verin, biz təhlükəsizliyimizi təmin edəcəyik".

"Düşünürəm ki, tezliklə hər şey aydınlaşacaq və biz silah və digər yardımları almağa davam edəcəyik", - o deyib.

Sokol haqlı idi, Ukraynanın ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməsi ilə nəticələnən doqquz saatlıq görüşdən sonra hərbi yardım bərpa edilib.

ABŞ Ukraynanın ən böyük silah donorudur və Sokolun sözləri silah tədarükünün bərpasının Ukraynanın müharibə səyləri üçün nə qədər vacib olduğunu göstərir.

"Biz ABŞ və Avropada istehsal olunan çoxlu silahlardan istifadə edirik", - o bildirib.


Varşavada çıxış edən Ukrayna XİN rəhbəri Andriy Sibiqa isə bir daha vurğulayıb ki, onun ölkəsi 30 günlük atəşkəs təklifinə sadiqdir.

"Əgər bu, baş verərsə, atəşkəsə nail olmaq naminə biz öz tərəfimizdən bu yol xəritəsi üzərində işləmək üçün müvafiq komanda yaratmağa hazırıq", - ukraynalı nazir deyib.

Rusiya rəsmiləri Ciddədə əldə olunan razılaşmaya hələ cavab verməyib.

Yazını AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Rey Förlonq hazırlayıb.