ABŞ Dövlət Departamenti İlham Əliyevin açıqlamasına münasibət bildirib

ABŞ Dövlət Departamenti dekabrın 1-də Azərbaycanla münasibətlərə dair açıqlama ilə çıxış edib. AzadlıqRadiosu Azərbaycan xidmətinin sorğusunu cavablandıran departament bildirir:

“Biz həm Ermənistan, həm də Azərbaycanla sülhün əldə olunması məqsədilə əməkdaşlıq edirik. Biz inanırıq ki, sülh prosesi irəlilədikcə Azərbaycanla ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün imkanlar vardır”.

Noyabrın 28-də "Azərtac"ın yaydığı rəsmi məlumatda deyilirdi ki, ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Məlumatda bildirilirdi ki, Blinken ABŞ-Azərbaycan münasibətlərinin normallaşdırılması məqsədilə köməkçisi Ceyms O’Brayenin Azərbaycana səfərinə icazə verilməsini rica edib.

Məlumata görə, Əliyev “Blinkenin ricasına bir şərtlə müsbət cavab verib ki, Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağan qaldırılsın”.

Lakin ABŞ Dövlət Departamenti sözçüsünün AzadlıqRadiosu Azərbaycan xidmətinin #İzahla proqramına açıqlamasında səfər məsələsi ilə bağlı yekun olaraq deyilir ki, bu məsələ ilə əlaqədar “nəzərdən keçiriləcək heç nə yoxdur”.

Son bir neçə həftədə Azərbaycanda hökumətə yaxın mediada Qərbə, xüsusilə ABŞ-a qarşı məqalələr dərc olunur. ABŞ səfirliyi isə noyabrın 27-də Bakıda planlaşdırılan məzun görüşünü təxirə salıb. Bundan öncə yerli mediada Birləşmiş Ştatların həmin tədbiri əslində ölkədəki "agentura"sı ilə görüşmək məqsədilə keçirdiyi iddia olunurdu.

Sentyabrın ortasında Qarabağa nəzarətin bərpa olunması ilə nəticələnən birgünlük əməliyyatdan sonra Azərbaycanla Ermənistan arasında Qərb platformasına danışıq baş tutmayıb.

Dekabrın 2-də Bakıya gələn ABŞ-ın Azərbaycana yeni səfiri Mark Libbi (Mark Libby) isə deyib ki, "ABŞ-Azərbaycan əlaqələrini inkişaf etdirmək və regionda davamlı sülh naminə çalışmaq üçün işə başlamağı səbirsizliklə" gözləyir.