ABŞ-da koronavirusdan ölüm azalır

ABŞ-da koronavirusa yoluxmuş uşaq

Dünya Səhiyyə Təşkilatı (DST) Şimali Koreyaya COVID-19-la bağlı tibbi ləvazimat göndərməyə çalışdığını bildirib

Birləşmiş Ştatlarda COVID-19-dan ölümün azalması yayda başlanan yoluxma dalğasının bitmək üzrə olduğunu göstərir. Son iki ayda ilk dəfə olaraq gündəlik yoluxma sayı 100 mindən aşağı düşüb.

Sentyabrın ortasından Birləşmiş Ştatlarda koronavirusdan ölüm 15 faizədək azalıb, indi 1750 civarındadır. Yeni yoluxmalar isə son üç həftədə 40 faiz düşüb.

Bir ay öncə xəstəxanaya yerləşdirilənlərin sayı 94 minə çatmışdı, indi 25 faizədək azalıb.

Hökumət liderləri və işəgötürənlər isə vaksini məcburi etməklə daha çox insanın peyvənd olunmasına çalışırlar.

Oktyabrın 7-dən Nyu York ştatında xəstəxana və qocalar evi işçiləri üçün vaksin məcburiyyəti genişləndirilir. Bundan sonra evdə sosial xidmət göstərən və sığınacaq işçiləri üçün də peyvənd tələbi qoyulacaq.

Buna da bax: Dünya Səhiyyə Təşkilatı malyariya vaksinindən istifadəyə icazə verdi

Los Anceles

Los Anceles ölkədə vaksini məcburi etməklə bağlı ən sərt qaydalar tətbiq edib.

Oktyabrın 6-da Şəhər Şurası noyabrın 4-dək qapalı məkanlara giriş üçün vaksin sertifikatı tələbini dəstəkləyib. Bu sıraya barlar, restoranlar, idman zalları daxildir.

Tənqidçilər isə bu məcburiyyətdən narahatlıq ifadə edib, peyvənd vurdura bilməyənlər, yaxud bundan imtina edənlərə qarşı ayrıseçkilik olduğunu deyiblər.

Buna da bax: Rusiyada COVID-19-dan gündəlik ölüm 900-ü keçib

ABŞ-ın əhali sayına görə ikinci olan bu şəhərində ötən qış yoluxma və hospitalizasiyada kəskin artım qeydə alınmışdı.

Los Anceles dairəsinin 10 milyonluq əhalisinin 78 faizə yaxınına vaksinin azı bir dozası vurulub, 69 faiz isə tam peyvəndlənib.

Bu arada Dünya Səhiyyə Təşkilatı (DST) Şimali Koreyaya COVID-19-la bağlı tibbi ləvazimat göndərmək üzərində işlədiyini bildirib. Qurum həftəlik hesabatında Çinin liman şəhərinə vacib tibbi ləvazimatların göndərildiyini, oradan isə Şimali Koreyaya aparılacağını açıqlayıb.

Şimali Koreya pandemiyadan dolayı sərhəddə sərt məhdudiyyətlər tətbiq edib.

Ölkə COVID-19-a bircə yoluxmanın belə olmadığını bildirsə də, ekspertlər buna şübhəylə yanaşırlar.

Buna da bax: Azərbaycanda 12-15-yaşlılara vaksin vurulacaq

Avstraliya

Avstraliyanın Sidney şəhəri oktyabrın 11-dən COVID-19 lokdaunundan çıxmağı planlaşdırır. Artıq vaksinasiya səviyyəsinin 70 faizi keçdiyi bildirilir.

Tam peyvənd olunanlar evdən istənilən səbəblə çıxa, pablara, mağazaya, kinoteatra, idman zallarına gedə biləcəklər.

Vaksinasiya olunmuş 10 nəfərədək şəxsin evdə yığışmasına icazə verilir. Toy və dəfn mərasimlərində iştirakçı sayı isə 100-ə qaldırılıb.

Tam peyvənd olunmayanların dekabrın 1-dək evdə qalmasını təmin etmək üçün vaksinasiya pasportu sistemindən istifadə olunacaq.

Avstraliya bu ilin böyük hissəsini əsasən virussuz keçirib, amma sonradan delta ştammı yoluxmaların üçüncü dalğasına səbəb olub. Ancaq ölkədə koronavirus rəqəmləri nisbətən aşağıdır, indiyədək cəmi 120 min yoluxma, 1381 ölüm aşkarlanıb.