ABŞ pandemiyanı gələn yazadək nəzarətə ala bilər

Floridada dərsə gedən uşaqlar

ABŞ-ın iri işəgötürənləri avqustun 24-də elan ediblər ki, vaksin tələb edəcəklər

Birləşmiş Ştatlarda daha çox adam peyvənd olunarsa gələn ilin əvvəlinə COVID-19 pandemiyası nəzarətə alına bilər. Bunu ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş eksperti avqustun 24-də deyib. Bundan bir gün öncə isə federal hökumət Pfizer/BioNtech vaksinindən tam istifadəyə icazə verib.

Prezident Co Baydenin səhiyyə məsələləri üzrə müşaviri olan Entoni Fauçi qeyd edib ki, Qida və Dərman Administrasiyasının (FDA) Pfizer/BioNtech vaksinini tam təsdiqləməsi daha çox adamın peyvənd olunmasına yol açır.

Buna da bax: COVID-19: İranda və Britaniyada yeni ölüm rekordu

Fauçinin çağırışı

“Hazırda ölkədə peyvənd olunmamış şəxslərə üzümü tutub deyirəm ki, bizim öz aramızda pandemiyaya son qoymağın müddətini qısaltmaq imkanımız var”, – Fauçi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Moderna vaksini də bir həftənin içində tam təsdiqlənə, eləcə də payızadək daha azyaşlı uşaqlara vaksinin vurulmasına icazə verilə bilər.

ABŞ rəsmiləri özəl işəgötürənləri və dövlət və yerli hökumət orqanlarını işçilərindən peyvənd olunmağı tələb etməyə çağırırlar.

FDA-nın 23 avqust bəyanatından sonra ABŞ ordusu, bir sıra şirkətlər və universitetlər, Deloitte mühasibatlıq və konsultasiya şirkəti, azı bir kollec futbol komandası COVID vaksini vurdurmağı məcburi edib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Hər 100 müəllimdən 16-sının vaksinə əks göstərişi varmı?

Vaksin tələbi

ABŞ-ın böyük işəgötürənləri avqustun 24-də elan ediblər ki, vaksin tələb edəcəklər.

“Walt Disney World”, Chevron neft şirkəti oxşar açıqlamalar veriblər.

Bayden yayın əvvəlində deyirdi ki, federal işçilərdən vaksinlənmək tələb olunacaq, yoxsa onlar hər həftə test verəcəklər, yaxud digər tədbirlərlə üzləşəcəklər.

“Walmart” isə mövcud siyasətini saxlayır, ofis işçilərindən vaksinlənməyi tələb etsə də mağaza əməkdaşları üçün belə tələb qoyulmayıb.

Pfizer/BioNtech tam təsdiqlənənədək, digər vaksinlər kimi, təcili istifadə göstərişi əsasında vurulurdu.

Vaksin tam təsdiqlənmədiyindən bəzi işçilər onu vurdurmaq istəmir, işəgötürənlər isə tələb qoymağa tərəddüd edirdilər.

Səhiyyə ekspertləri ümid edirlər ki, FDA-nın addımı ABŞ-da vaksinasiyanı sürətləndirəcək. Hazırda delta ştammı ölüm, yoluxma, hospitalizasiya hallarını sürətlə artırmaqdadır.

Artıq COVID-19-dan ölüm halları öncəki yeddi günlə müqayisədə 23 faiz artıb. Bunu Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) direktoru Roçel Valenski deyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Vaksin basabası: 'İşimizdən də olduq. Belə şey olar?'

Yaponiya, Avstraliya

Yaponiya daha səkkiz prefekturada fövqəladə vəziyyət tətbiq etməyi planlaşdırır və bununla da belə prefekturaların sayı 21-ə çatacaq. İqtisadiyyat naziri Yasutoşi Nişimura deyib ki, ölkədəki 47 prefekturanın yarısını əhatələyəcək bu addım xarici ekspertlər qrupu tərəfindən təsdiqlənib, avqustun 25-də hökumətin işçi qrupunun iclasında rəsmən təsdiqlənəcəyi gözlənir.

Delta ştammı sürətlə yayıldıqca hökumət yoluxmaları nəzarətə almağa çalışır. Vətəndaşlar isə məhdudiyyətlərdən getdikcə daha çox bezirlər.

Sidneydə avqustun 25-də COVID-19 yeni rekord yoluxma qeydə alınıb. Rəsmilər Avstraliyanın səhiyyə sisteminə “sərt təzyiq” yarandığını deyirlər.

İki aydır lokdaun rejiminin olmasına baxmayaraq, Nyu Saus Uels ştatında 919 yeni yoluxma aşkarlanıb.

Avstraliyada Sidney və Melburn şəhərləri daxil olmaqla 25 milyonluq əhalisinin yarıdan çoxu lokdaun rejimində yaşayır.