ABŞ İrana neft satmaqda kömək edənlərə sanksiyalar qoyur

İranın Abadan neftayırma zavodu

Birləşmiş Ştatlar İrana onun Tehran üzərinə sanksiyalarından yan keçərək neft və neft məhsullarının satışında kömək etdikləri iddia olunan 11 xarici şirkət üzərinə sanksiyalar elan edib.

ABŞ Maliyyə Nazirliyi sentyabrın 3-də bildirib ki, sanksiyalar İranda, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çində mənzillənən 6 şirkət üzərinə qoyulur.

Birləşmiş Ştatlar bildirir ki, İranın neft-kimya sənayesi Tehran rejiminin beynəlxalq terrorizmi maliyyələşdirməsi üçün onun əsas gəlir mənbəyidir.

Bu 6 şirkətin İranın neft-kimya məhsullarının satışında, habelə Honq Konqda mənzillənmiş Triliance Petrochemical broker şirkətinin dəstəklənməsində rolu olduğu bildirirlir.

Honq Konqdakı şirkət hələ ötən yanvarda ABŞ-ın sanksiya siyahısına daxil edilib.

Buna da bax: ABŞ İrandan Venesuelaya gedən 4 benzin tankerini tutub (VIDEO)

Sözü gedən 6 şirkətin arasında İranın Zagros Petrochemical Company şirkəti də var. Bu şirkət Triliance firması ilə yüz minlərlə ton İran neft məhsullarının satışı barədə sazişə malikdir.

ABŞ Dövlət Departamenti bunu da bildirib ki, İranın neft və neft-kimya sənayesinin pul əməliyyatlarında iştirak edən daha 5 şirkət və onların 3 rəhbəri üzərinə də sanskiyalar qoyulub.

ABŞ dövlət katibi Mike Pompeo bildirib ki, Vaşinqton bu son sanksiyalarla İran rejiminin maliyyə gəlirlərini sıfra endirmək məqsədlərinə sadiq qaldığını nümayiş etdirib.

ABŞ prezidenti Donald Trump 2018-ci ildə Birləşmiş Ştatları 2015-ci il nüvə sazişindən çıxarandan bəri Tehran üzərinə çox sayda sanksiyalar qoyulub.