ABŞ İrana yeni sanksiyalar elan edir

Birləşmiş Ştatlar İranın şirkətlər, gəmilər və fərdlərdən ibarət şəbəkəsinə sanksiyalar elan edib.

ABŞ bu şəbəkəni Suriyanı milyonlarla barrel neftlə təchiz etməklə Birləşmiş Ştatların sanksiyalarını pzomaqda ittiham edir.

ABŞ Maliyyə Nazirliyinin 4 sentyabr tarixli bəyanatında iddia olunur ki, bu şəbəkəyə İslam Keşikçiləri Korpusunun xarici əməliyyatlar qolu Qüds Qüvvələri, habelə Livanda İranın dəstəklədiyi Hizbullah tərəfindən rəhbərlik edilir və maliyyə dəstəyi verilir.

Buna da bax: ABŞ İrana kömək edən iki şəbəkəyə sanksiyalar elan edir

Nazirlik bildirir ki, Qüds Qüvvələri və Hizbullah İran neftinin və neft məhsullarınln əsas etibarilə Suriyaya daşınmasından maliyyə mənfəəti götürür.

Bəyanatda bildirilir ki, təkcə yaz aylarında şəbəkə “10 milyon barrel nefti Suriyaya daşımaq üçün onlarca gəmidən istifadə edib”.

ABŞ nazirliyinin təxminlərinə görə bu daşımalardan bütövlükdə 500 milyon dollar gəlir əldə edilib.

Vaşinqton bildirir ki, “bu getdikcə şaxələnən şəbəkəyə qarşı sanksiyalar İran neftini alanların birbaşa İran silahlılarını və onun terrorçu qolu olan İslam İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrini maliyyələşdirmiş olduqlarını göstərir”.

Buna da bax: ABŞ İranın kosmik proqramına sanksiyalar elan edir

Bu da xəbər verilir ki, İranın keçmiş neft naziri Rostam Qasemi və onun oğölu Mortezanın da adları sanksiya siyahısına daxil edilib.

ABŞ bundan başqa Hindistan şirkətinin Adrian Darya 1 tankerində maraqları olan filiallarına da sanksiyalar qoyub.

Bu gəmi iyul ayında Cəbəllütariqin hakimiyyət orqanları tərəfindən saxlanmışdı. Onun Avropa İttifaqının sanksiyalarını pozaraq Suriyaya neft daşımasından şübhələr vardı.

Tanker Suriyaya yan almayacağına dair zəmanət verdikdən sonra sərbəst buraxılıb və hazırda Aralıq dənizində dolaşmaqdadır.