Birləşmiş Ştatlar İranın mülki kosmik agentliyinə və iki tədqiqat təşkilatına sanksiyalar elan edib.
Vaşinqtonun bu barədə bəyanatında deyilir ki, bu qurumlardan Tehranın raket proqramının inkişaf etdirilməsi üçün istifadə olunub.
ABŞ Maliyyə Nazirliyi sentyabrın 3-də bəyan edib ki, sözü gedən təşkilatlar – İran Kosmik Agentliyi, İran Kosmik Tədqiqatlar Mərkəzi və Astronavtika Tədqiqatlar İnstitudur.
Nazirlik bu üç qurumu orbitə peyklər buraxılması üçün mülki proqramın pərdəsi arxasında balllistik raketlərin layihələndirilməsi ilə məşğul olmaqda ittiham edir.
ABŞ dövlət katibi Mike Pompeo bəyan edib ki, Vaşinqton İranın “kosmik tədqiqatlar proqramından ballistik raket istehsalı üçün pərdə kimi istifadə etməsinə imkan verməyəcək”.
Buna da bax: Khomeini kosmodromunda partlayış qeydə alınıb
Pompeo əlavə edib ki, bu sanksiyalar İranın kosmik proqramı ilə əməkdaşlıq edən beynəlxalq elm icması üçün xəbərdarlıq olmalıdır.
Dövlət katibi bildirib ki, İranın ötən həftə orbitə kosmik gəmi çıxarmaq cəhdi “təhlükənin böyük olduğundan” xəbər verir.
İran sentyabrın 2-də etiraf edib ki, avqustun 29-da imam Khomeini kosmodromunda onun start meydançalarından birində texniki nasazlıq üzündən raket partlayışı baş verib.
Bu partlayışın İran raketləri ilə bağlı üçüncü uğursuz cəhd olduğuna inanılır.
İran indiyədək orbitə bir neçə peyk göndərib və 2013-cü ildə kosmosa meymun göndərdiyini iddia edib.