Birləşmiş Ştatlar İranı kosmosa peyk buraxılmasından ballistik raketlərin inkişaf etdirilməsi üçün sui-istifadədə ittiham edib.
Bundan iki gün əvvəl İran rəsmiləri yerli istehsallı “Zəfər” peykinin Yerətrafı orbitə buraxılması cəhdinin uğursuzluqla nəticələndiyini bildirmişdilər.
ABŞ dövlət katibi Mike Pompeo fevralın 11-də deyib ki, orbitə peyklərin göndərilməsi əslində qitələrarası da daxil, uzaqmənzilli raketlərin atılması ilə eyni texnikaya əsaslanır:
"Hər hansı peykin buraxılması, uğurlu və ya uğursuz, İrana dinc fəza proqramı pərdəsi altında belə texnologiyalardan faydalanmaq təcrübəsi verir”.
Pompeo deyib ki, “dünyada terrorun aparıcı sponsoru olan dövlətə ballistik raketlərin inkişaf etdirilməsi imkanı verilməməlidir”.
ABŞ-ın bir nömrəli diplomati bildirib ki, ABŞ Tehranın “məsuliyyətsiz ballistik raket fəaliyyətlərinin” qlobal miqyasda dayandırılması və İran rejiminin öz davranışını dəyişməsinə nail olunması üçün səylərini dayandırmayacaq.
Fransa da fevralın 10-da İranın peyk buraxmaq cəhdini pisləyərək deyib ki, Tehran ballistik raket proqramı üzrə beynəlxalq öhdəliklərinə əməl etməlidir.
Buna da bax: ABŞ İranın kosmik proqramına sanksiyalar elan edir
Üçüncü uğursuz cəhd
İran kosmik peyk proqramından ballistik raket texnologiyalarını inkişaf etdirmək üçün istifadə etdiyinə dair ittihamları rədd edib.
İran Müdafiə Nazirliyinin sözçüsü Ahmad Hosseini fevraın 9-da dövlət televiziyasına demişdi ki, “Zəfər” peyki sürətinin aşağılığına görə plana uyğun şəkildə orbitə çıxa bilməyib.
Bu, 2019-cu ildən bəri İranın üçüncü uğursuz peykburaxma cəhdidir.
Hosseini buna baxmayaraq cəhdi İranın kosmos proqramı üçün “nəzərəçarpacaq” nailiyyət adlandırıb.
Vaşinqton 2018-ci ildə 2015-ci il nüvə sazişindən çıxdıqdan sonra Tehran üzərinə ABŞ sanksiyaları bərpa olunub.
İranın ali rəhbəri ayətüllah Ali Khamenei fevralın 8-də ölkənin müdafiə qabiliyyətinin artırılmasına çağırmış və demişdi ki, “müharibəni önləmək və hədələrə son qoymaq üçün güclü olmaq lazımdır”.