ABŞ İrana kömək edən iki şəbəkəyə sanksiyalar elan edir

ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Sigal Mandelker

Birləşmiş Ştatlar onun qənaətinə görə İranın hərbi təsisatlarının “təchizatı üçün fəaliyyət göstərən və İranın raket proqramını dəstəkləyən” iki şəbəkəyə sanksiyalar qoyub.

Bu şəbəkələrdən biri Honq Konqda mənzillənmiş qurama şirkətdən “ABŞ və beynəlxalq sanksiyalardan yan keçmək və on milyonlarla dollarlıq alış-veriş etmək” üçün istifadə edib.

Vaşinqton bildirir ki, sözü gedən şəbəkə İran İslam Keşikçiləri Korpusu və İran rejimi üçün ABŞ-ın texnologiya və komponentlər sektorunu hədəfləyirdi.

Bu da bildirilir ki, bu şəbəkələr İran Müdafiə Nazirliyinin “sahibi olduğu və ya idarə etdiyi vahidlər” üçün böyük həcmlərdə alüminium xəlitəsi alıb.

ABŞ-ın Maliyyə Nazirliyi bildirir ki, “İran rejiminin kütləvi qırğın silahları əldə etmək məqsədilə və mürəkkəb sxemlərlə sanksiyalardan yan keçmək cəhdlərinin qarşısı bundan sonra da alınacaq”.

Buna da bax: Trump ‘münasib şəraitdə’ Rohani ilə görüşə biləcəyini deyir

Maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Sigal Mandelker dünya boyunca hökumətləri “Tehran rejiminin öz davranışını gizlətmək üçün nələrə əl atdığını” dərk etməyə və İranın, onların maliyyə təsisatlarından istifadə etməklə sanksiyalardan yan keçmək cəhdlərinin qarşısını almağa çağırıb.

Avqustun 28-də İran prezidenti Hassan Rohani onun təbirincə deyilərsə, İranı Birləşmiş Ştatların başladığı “iqtisadi müharibənin” öhdəsindən gəlmək üçün birliyə çağırıb.

ABŞ prezidenti Donald Trump bu həftənin əvvəlində demişdi ki, “münasib vaxtda” İran prezidenti Rohani ilə danışmağa razı ola bilər.

İran prezidneti bu bəyanata cavab olaraq demişdi ki, Tehran danışıqlara açıqdır, amma əvvəlcə ABŞ İrana qarşı sanksiyalarını qaldırmalıdır.

Avqustun 27-də AzadlıqRadiosuna müsahibə verən milli təhlükəsizlik müşaviri John Bolton deyib ki, Trump-ın bəyanatı onun İrana qarşı sərt münasibətinin yumşalması kimi başa düşülməməlidir.