ABŞ mediası bildirir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Qüds qüvvələrinin komandan müavini Abdul Reza Shahlai-nin öldürülməsi əməliyyatı baş tutmayıb.
Bu barədə New York Times, Washington Post qəzetləri və ABC telekanalı xəbər veriblər.
Shahlai ABŞ prezidenti Donald Trump-ın əmri ilə Bağdad hava limanında Pentaqon tərəfindən məhv edilmiş Qasem Soleimani-nin müavinidir.
O Qüds qüvvələrinin xaricdəki hərbi əməliyyatlarının maliyyələşdirilməsi məsələlərinə baxır.
Ötən dekabrda ABŞ Dövlət Departamenti onun əlaqələri, mülkiyyəti və çevrəsi barədə məlumat üçün 15 milyon dollar mükafat təyin etmişdi.
Buna da bax: İran Səudiyyəni ittiham edir
ABŞ mediası yazır ki, Shahlai-nin vurulması əməliyyatı Yəməndə aparılıb.
O Yəməndə ölkənin legitim hökumətinə qarşı döyüşən və İran tərəfindən dəstəklənən şiə qiyamçılara kömək edirdi.
Bu da iddia olunur ki, ötən payızda Yəmən qiyamçılarının Səudiyyə Ərəbistanının neft qurğularına hücumunu məhz Shahlai təşkil edibmiş.
Ağ Ev bunu da iddia edir ki, 2011-ci ildə Vaşinqtonda Səudiyyə səfirinə sui-qəsdin təşkilatçısı da məhz o olub.
Pentaqon hələlik Shahlai barədə xəbərlərə reaksiya verməyib.
Bundan əvvəl Qasem Soleimani-nin öldürülməsi Nümayəndələr Palatasının spikeri Nancy Pelosi və başqa demokratlar tərəfindən pislənmişdi.
Shahlai-nin də daxil olduğu İİKK ABŞ-da terrorçu təşkilat elan edilib.