ABŞ-ın dörd respublikaçı senatoru Çini koronavirusun qarşısını ala bilməməsini ört-basdır etmək məqsədilə bu virusun mənşəyi barədə dezinformasiya yaymaqda ittiham edib.
Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olan millət vəkilləri bildirirlər ki, Çin Komminist Partiyası (ÇKP) rəsmiləri və dövlət mediası virusun Uhan şəhərinə guya məhz ABŞ ordusu tərəfindən gətirildiyinə dair iddiaları yayırlar.
Koronavirus epidemiyası ötən ilin dekabrında Çinin məhz bu şəhərindən başlanıb.
Senatorlar Jim Risch, John Barrasso, Marco Rubio və Cory Gardnerin martın 16-da verdikləri bəyanatda deyilir:
“ÇKP-nin dezinformasiyası göstərir ki, bu partiya öz reputasiyasını beynəlxalq icmanın mənafeyindən həmişə üstün tutacaq. Bu, qlobal bir liderlik deyil”.
Risch Senatın Xarici Əlaqələr Komitəsinin sədridir.
O deyib ki, Çin hələ dekabrın əvvəllərində yeni koronavirus ştammı COVID19-un ölümcüllüyünü və sürətli yayılma qabiliyyətinə malik olduğunu bilsə də, bu barədə danışan həkim və jurnalistləri susdurub.
Bəyanatda deyilir ki, hətta bu xəbər faş olduqdan sonra da Çin Kommunist Partiyası Dünya Səhiyyə Təşkilatının (DST) bu xəstəliyi tədqiq etməli olan üzvlərinin ölkəyə daxil olmasını həftələrlə ləngidib.
Senatorların bəyanatında bildirilir ki, “bütün bu yanlış addımlar bugün planetin üzləşdiyi ciddi situasiyanın yaranmasında rol oynayıb”.
Buna da bax: Çində ilk koronavirus həyəcanı qaldıran həkim elə bu virusdan ölüb
Ad mübahisəsi
Koronavirus indiyədək dünya boyunca 181 mindən çox insana yoluxub. Bunun 100 mindən çoxu Çindən kənardadır.
Çin Kommunist Partiyasının epidemiyaya ilkin reaksiyası elə ölkənin özündə əhalinin hiddətinə səbəb olmuşdu.
Partiya bu hiddəti sakitləşdirmək məqsədilə virusa qarşı mübarizənin qəhrəmanlığı barədə hekayətləri təbliğ edirdi.
ABŞ senatorlarının bu bəyantından əvvəl Pekin respublikaçıları pandemiyanı siyasiləşdirməkdə və xəstəliyi “Çin koronavirusu” və ya “Uhan virusu” kimi səciyyələndirməkdə ittiham etmişdi.
Doğrudan da respublikaçı konqresmen Kevin McCarthy tvit postlarında “Çin koronavirusu” ifadəsindən istifadə etmiş, dövlət katibi Mike Pompeo isə virusu “Uhan koronavirusu” adlandırmışdı.
DST ötən ay hökumətləri və medianı “Uhan virusu”, “Çin virusu” və ya “Asiya virusu” kimi istilahlardan çəkinməyə çağırıb.
Demokrat konqresmen Ted Lieu də respublikaçıları tənqid edərək bildirib ki, “Çin koronavirusu” ifadəsini işlətmək, “İtaliya koronavirusu” ifadəsini işlətmək qədər böyük axmaqlıqdır”.