ABŞ qüvvələri Əfqanıstanın Helmand vilayətində hökumət qoşunlarının köməyinə gələrək Taliban qüvvələrinə zərbə endirib.
ABŞ Talibandan bu ərazidəki hücum əməliyyatını dərhal dayandırmağı tələb edib.
Əfqanıstandakı ABŞ qüvvələrinin sözçüsü polkovnik Sonny Leggett oktyabrın 12-də deyib ki, Birləşmiş Ştatların iki gün ərzində zərbələr endirməsi ABŞ-Taliban razılaşmasını pozmur.
Hazırda Qətərdə Əfqanısyan hökuiməti ilə Taliban arasında danışqılar davam edir.
Leggett deyib:
“Taliban Helmand vilayətindəki hücumu dərhal dayandırmalı və ölkə boyunca zorakılıqları azaltmalıdır. Bu ABŞ-Taliban razılaşmasının şərtlərinə ziddir və Əfqan Sülh Danışıqlarına ciddi əngəl törədir”.
Sözçü əlavə edib ki, Əfqanıstandakı ABŞ qoşunları ölkənin milli təhlükəsizlik qüvvələrinə dəstək verir və bunu davam etdirəcək.
ABŞ-ın zərbələrindən əvvəl oktyabrın 12-də Helmand vilayətinin mərkəzi şəhəri Ləşkərgahda döyüşlərin getdiyi xəbər verilmişdi.
Şahidlər bildiriblər ki, Ləşkərgahın sakinləri bu döyüşlərə görə Nad Əli və Nava rayonlarına qaçmalı olublar.
Buna da bax: İntiharçı hücumunda azı 9 nəfər öldürülüb
ABŞ qüvvələri daha tez çıxarılacaq
Taliban son həftə ərzində Helmand vilayəti boyunca yaxşı əlaqələndirilmiş hücumlar həyata keçirir.
Vilayət qubernatorunun sözçüsü Ömər Zvak deyib ki, Helmandda körpü və yollar dağıdılıb və avtomobillərin hərəkəti dayanıb.
Qətərdə davam edən danışıqlardan məqsəd Əfqanıstanda onilliklərdir davam edən müharibəyə son qoyulmasıdır.
Ötən fevral ayında Qətərdə ABŞ və Taliban nümayəndələri arasında sülh sazişi imlzalanıb.
Bu arada oktyabrın 8-də ABŞ prezidenti Donald Trump gözlənilmədən bəyan edib ki, Əfqanıstandakı ABŞ qoşunları dekabrın 25-dək oradan çıxarılacaq.
Bundan əvvəl Vaşinqton ABŞ qüvvələrinin tədricən və daha uzun müddətdə çıxarılacağını bildirmişdi.
Fevral ayında imzalanmış sazişə görə bütün xarici qüvvələr Əfqanıstandan may ayınadək çxıarılmalıdır.