ABŞ Ukraynaya əlavə olaraq 250 milyon dollarlıq hərbi yardım edəcək

Ukrayna əsgərləri paradda ABŞ istehsallı Javelin raketlərini nümayiş etdirirlər

ABŞ Müdafiə Nazirliyi bildirir ki, Rusiyanın təcavüzü ilə üzləşmiş Ukraynanın hərbi qabiliyyətinin gücləndirilməsi üçün 250 milyon dollar ayırmağı planlaşdırır.

Pentaqon iyunun 18-də verdiyi bəyanatda bildirir ki, sonuncu maliyyə yardımı tranşı Ukrayna donanması və quru qüvvələrinin təlimləndirilməsi və silah təchizatına xərclənəcək.

Ukraynaya veriləcək silahlara snayper tüfəngləri, raket pərli qumbaraatanlar, antiartilleriya radarları, gecə görüntüsü avadanlığı və başqa cihazlar daxildir.

Yeni maliyyə tranşı ABŞ-ın 2014-cü ildən bəri Ukraynaya hərbi yardımının ümumumi məbləğini 1, 5 milyard dollara çatdırıb.

ABŞ Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, “Birləşmiş Ştatlar Ukraynaya yardım siyasətinə sadiq qalır və rəsmi Kiyevə hərbiyyə üzərində mülki nəzarətin təşkilində, büdcənin şəffaflığının və hesabatlılığının gücləndirilməsində” köməyini davam etdirəcək.

Pentaqon habelə qeyd edir ki, Ukraynaya müdafiə sənayesi islahatlarında köməklik göstərəcək.

Bəyanatda deyilir ki, bu yardımlar Ukraynanın öz ərazi bütövlüyünü qourumasına, habelə firavan, demokratik və azad Ukraynanın qurulmasına kömək edəcək.