ABŞ millət vəkili İsrail hökuməti ona humanitar zəmində Qərb sahilindəki qohumlarına baş çəkmək icazəsi verdikdən sonra bu səfərdən imtina edib.
Bundan əvvəl İsrail Rashida Tlaib və Demokratik Partiyadan olan başqa bir millət vəkilinin Yerusəlimə və Qərb sahilinə səfər etməsinə icazə verməmişdi.
Səbəb kimi ABŞ Konqresi üzvlərinin beynəlxalq boykot hərəkatını dəstəklədikləri göstərilirdi.
Lakin İsrail daha sonra bildirmişdi ki, xanım Tlaib humanitar mülahizələrlə Qərb sahilindəki qohumlarına baş çəkə bilər.
İsrail Daxili İşlər Nazirliyi Tlaib tərəfindən imzalandığı iddia olunan məktubu dərc etmişdi. Həmin məktubda millət vəkili səfəri zamanı fələstinlilərin boykot hərəkatını təşviq etməyəcəyini vəd edirdi.
Avqustun 16-da açıqladığı rəsmi bəyanatda Tlaib yazıb:
“Nənəmə belə ağır şərtlər altında baş çəkmək icazəsinin verilməsindən istifadə etsəydim bu onun qəlbini qıracaqdı”.
Baş nazir Benjamin Netanyahu demişdi ki, İsrail “tənqidə və tənqidçilərə açıqdır”, lakin bu, ona qarşı boykotu dəstəkləyənlərə aid edilə bilməz.
***
Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, İsrailin Daxili İşlər Nazirliyi ABŞ millət vəkilini humanitar əsaslarla İordan çayının Qərb sahilinə buraxacağını bildirib.
Nümayəndələr Palatasının üzvü Rashida Tlaib avqustun 15-də məktub yazaraq İsrailə daxil olmağa icazə istəmişdi.
O, Daxili İşlər Nazirliyinə məktubunda yazıb ki, “qohumlarını, özəlliklə də 90 yaşlı nənəsini” görmək istəyir və bu, “onun nənəsini görməyə son fürsəti ola bilər”.
Bundan öncə Baş nazir Benjamin Netanyahu deyib ki, İsrail “tənqidlərə açıqdır”, ancaq ona qarşı boykotu təbliğ edənlərdən yox.
Tlaib və Omar Fələstin təşkilatının turu çərçivəsində Yerusəlim və Qərb sahilə baş çəkməyi planlaşdırırdı. Onların İsrail rəsmiləri ilə görüş planlaşdırdığı bəlli deyil.
***
İsrail ABŞ Konqresi Nümayəndələr Palatasının demokrat üzvləri Rashida Tlaib və Ilhan Omarın ölkəyə buraxılmamasına dair qərar verib.
Onların hər ikisi ABŞ Konqresinə seçilmiş ilk müsəlman qadın deputatlardır.
Tlaib və Omar Donald Trump-ın İsrail siyasətinin və İsrailin Fələstin siyasətinin qatı tənqidçiləridir.
Onlar fələstinlilərin anti-İsrail “Boykot” hərəkatını dəstəkləyiblər. Bu hərakat “investisiya və sanksiyaların boykotunu” təbliğ edir.
İsrail qanunlarına görə bu hərəkatı dəstəkləyənlər ölkəyə buraxıla bilməzlər.
Trump Twitter-də yazıb ki, İsrail Tlaib və Omarı ölkəyə buraxsa idi, zəiflik göstərmiş olardı:
Nümayəndələr Palatasının demokrat spikeri Nancy Pelosi deyib ki, İsrail hakimiyyət orqanlarının qərarından təəssüf hissi keçirir.
Senatdakı demokrat azlığın lideri Chuck Schumer İsrail hökumətini öz qərarına yenidən baxmağa çağırıb.
Omar deyib ki, onların İsrailə səfər etməsinə qadağan qoyulması təhqirdir. Tlaib İsrailin qərarını “zəiflik” kimi qiymətləndirib. O ümid etdiyini bildirib ki, bu səfər gələcəkdə baş tutacaq.
İyul ayında İsrailin ABŞ-dakı səfiri Ron Dermer demişdi ki, İsrail ABŞ Konqresinə hörmət mənasında Tlaib və Omarın ölkəyə gəlməsinə icazə verəcək.
ABŞ mediası yazır ki, müsəlman millət vəkilləri İsrailə səfər zamanı Əl-Əqsa məscidinə baş çəkməyi planlaşdırırdılar.
Bu məscidin yerləşdiyi məkan həm müsəlmanlar, həm də yəhudilər üçün müqəddəs ocaq sayılır.
Yerusəlimdə bu məscidin yerləşdiyi ərazini İsrail 1967-ci ildə baş vermiş 6 günlük müharinbə zamanı İordan çayının qərb sahili ilə birlikdə işğal edib.
İki millət vəkili İsrail siyasətçiləri ilə görüşməyi planlaşdırmamışdılar.
Xəbər verilir ki, onların İsrailə gəlməsinə elə bu səbəblərdən icazə verilməyib.
Əslən fələstinli olan Tlaib ABŞ-ın Miçiqan ştatında doğulub.
Onun qohumları Qərb sahilində yaşayır.
İsrailin baş naziri Benjamin Netanyahu deyib ki, Tlaibin qohumlarına baş çəkməsinə icazə verə bilər, lakin millət vəkili bunun üçün baş nazirə müraciət etməldiir.
Omar ABŞ-a hələ uşaq ikən Somalidən mühacirət edib.
O ötən fevralda ABŞ-dakı İsrail lobbisi barəsində dediklərinə görə demokrat millət vəkillərinin təzyiqi ilə üzr istəmişdi.