ADR üzvünün həbs edildiyi deyilir

Sentyabr 16-da Azərbaycan Demokratik və Rifah (ADR) Partiyasının Xəzər Rayon Təşkilatını sədri Allahverdi Babayevin 30 sutka inzibatı qaydada həbs edildiyi bildirilir. Onun barəsində bu qərarı Xəzər Rayon Məhkəməsinin çıxardığı qeyd edilir.

Bu barədə Azadlıq Radiosuna ADR Partiyasından məlumat veriblər.

Partiyadan vurğulandığına görə, Allahverdi Babayev İnzibati Xətalar Məcəlləsinin 535-cm maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama ) ilə təqsirli bilinib.

Partiya sədrinin müavini Ədalət Yusifin sözlərinə görə, Allahverdi Babayev sentyabrın 15-də Qubad İbadoğlu ilə bağlı verdiyi müsahibədə sərt mövqe bildirdikdən sonra həbs edilib.

Bu deyilənlərə, hələlik, Xəzər Rayon Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər birqayda olaraq deyirlər ki, ölkədə heç kim dinc siyasi fəaliyyəti və tənqidi fikirlərinə görə təqibə məruz qalmır.

Qubad İbadoğlunun həbsi

ADR sədri Q.İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib.

Q.İbadoğlu Cinayət Məcəlləsinin (CM) 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. Avqustun sonunda ona qarşı CM-nin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Qubad İbadoğlu kimdir və nə üçün həbs edilib?

Hüquq-mühafizə orqanları Q.İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan ilahiyyatçı Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Q.İbadoğlu isə ittihamı qəbul etmir, məhkəmədə onu "saxta" adlandırıb.