Bu gün, sentyabrın 21-də saat 01 radələrində Ağdam rayonunun Qərvənd kəndi ərazisində "Körpü-Bina-Tikinti" MMC-yə məxsus ekskavator yükləyici traktorun tank əleyhinə minaya düşdüyü bildirilir.
Ağdam Rayon Prokurorluğundan verilən məlumata görə, nəticədə sürücü, 1972-ci il təvəllüdlü Zəfər Ağayev müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Məsələyə, hələlik, traktorçunun yaxınları və "Körpü-Bina-Tikinti" MMC-dən münasibət almaq mümkün olmayıb.
Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, ötən il üçtərəfli bəyanatın imzalanmasından bəri 25 civarında vətəndaş işğaldan azad edilən ərazilərdə minaya düşmə səbəbindən həlak olub, 100-dən çoxu yaralanıb.
Onlar Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməkdə günahlandırırlar. Hərçənd, bir müddət əvvəl Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi Ağdam, Füzuli və Zəngilan rayonlarına aid mina xəritələrinin geri alındığı açıqlanmışdı. Amma sonradan Azərbaycan prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etdi. Həmin narazılığa isə Ermənistanın rəsmi qurumlarından, hələlik, münasibət almaq mümkün olmayıb.
Xatırlatma
2020-ci ildə, İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.