Ağdamda iki nəfərin minaya düşdüyü deyilir

Sizin brauzer HTML5-i dəstəkləmir

Mina xəritələri qeyri-dəqiqdir? 'Təbiət hadisəsi də ola bilər'

Ağdam rayonu Yusifcanlı kənd ərazisində iki kənd sakininin mina partlayışı nəticəsində həlak olduqları bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a deyilib ki, 1999-ci il təvəllüdlü İsrail Həsənov və 1987-ci il təvəllüdlü Amid Həsənov heyvan otararkən minaya düşüblər.

Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 300 civarında şəxs minaya düşüb. Onlardan 48 şəxsin həlak olduğu bildirilir.

Üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan tərəfi tutduğu Ermənistan hərbçilərinin bir qisminin təhvil verilməsi əvəzində azad olunan bir sıra rayonlara aid mina xəritələrinin geri alındığını açıqlamışdı. Sonradan Azərbaycan prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını bildirdi. Buna cavab olaraq Ermənistan baş naziri demişdi ki, "biz əlimizdə olan xəritələri Azərbaycana vermişik".

Xatırlatma

2020-ci il İkinci Qarabağ müharibəsi 44 gün çəkib. Bu müharibə və 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan, Rusiya arasında) əsasən, Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Ağdam rayonu daxil) nəzarəti bərpa edib. 10 noyabr razılaşması ilə döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.