Avropa İttifaqına üzv olan 27 ölkə Britaniya ilə Breksitdən – yəni onun ittifaqdan ayrılmasından sonrakı dövr üçün ticarət sazişinə yaşıl işıq yandırıblar.
Dekabrın 28-də ittifaq üzvü olan ölkələrin səfirləri, Britaniya ilin sonunda blokun vahid bazarını və gömrük ittifaqını tərk etdikdən sonra ticarət əlaqələrini tənzimləyəcək razılaşmanı bəyəniblər.
Avropa İttifaqının alman prezidentliyi bildirib ki, saziş ittifaq hökumətləri tərəfindən dekabrın 29-da rəsmən imzalanacaq.
Avropa Parlamenti isə fevralın sonunadək Avropa İttifaqı - Birləşmiş Krallıq arasında Ticarət və Əməkdaşlıq Razılaşmasını səsə qoyacaq.
Buna da bax: Britaniya və Avropa İttifaqı axır ki razılığa gəldilər
İttifaqda sonuncu gün
Bu saziş 9 ay davam edən çətin danışıqlardan sonra, dekabrın 24-də razılaşdırılıb.
Sənəd dekabrın 31-ədək rəsmən qəbul edilməlidir, çünki bu, Britaniyanın ittifaq tərkibində olacağı son gündür.
Just spoken with @eucopresident Charles Michel. I welcomed the importance of the UK/EU Agreement as a new starting point for our relationship, between sovereign equals.
— Boris Johnson (@BorisJohnson) December 28, 2020
Britaniyanın baş naziri Boris Conson Avropa Şurasının prezidenti Şarl Mişellə telefon söhbətində sazişin qəbul edilməsini alqışlayıb:
"Mən Birləşmiş Krallıq-Avropa İttifaqı Razılaşmasının əhəmiyyətini alqışladım. Bu, iki suveren bərabərin arasında yeni münasibətlərin başlanğıc nöqtəsi olacaq. Biz indi sənədin rəsmi ratifikasiyasını gözləyir və iqlim dəyişikliyi kimi sahələrdə şərikli prioritetlərimiz üzərində işləyirik”.
Breksit hazırlıqlarına cavabdeh olan nazir Maykl Qov biznesləri dekabrın 31-dən sonra fasilələrə və “kələ-kötür” məqamlara hazır olmağa çağırıb.