Aİ-ni Rusiyaya neft embarqosunun ‘girovu’na çevirən ölkə

İllüstrativ foto

Aİ ölkələri Rusiyadan yanacaq idxalına qadağa üzrə razılığa gələ bilməsələr belə, Almaniya ilin sonunadək Rusiyadan neft idxalından imtina edəcək

Avropa İttifaqının (Aİ) Rusiyaya neft embarqosu tətbiq etmək planlarını blokun yalnız bir üzvü bloklayır. Bunu Litvanın Xarici işlər naziri Qabrielius Landsbergis mayın 16-da deyib.

“Bütöv birlik bir üzv ölkənin girovuna çevrilib... biz razılaşmalıyıq, bizi girov saxlaya bilməzlər”, – Landsbergis həmkarları ilə görüşdən öncə deyib.

Aİ diplomatları “Reuters”ə deyiblər ki, Landsbergis Macarıstanı nəzərdə tutur.

Buna da bax: Aİ Ukraynaya əlavə 500 milyon avro ayıracaq

Üç ölkə

Avropa Komissiyasının ekspertlərinin hazırladığı altıncı sanksiya paketinə Rusiya neftinə qadağa da daxildir. Ancaq Macarıstan, eləcə də Slovakiya və Çex Respublikası bu plana ehtiyatlı yanaşma sərgiləyiblər.

Aİ-nin altıncı sanksiya paketində Rusiya neftinin alınması və daşınmasına qadağa nəzərdə tutulsa da, 2024-cü iləcən Rusiya yanacağından asılı bu üç ölkə üçün istisna nəzərdə tutulub.

Macarıstan hökuməti isə bu yumşalmanı yetərli saymır, digər ölkələrdən təchizata yönəlmə xərclərinin kompensasiya olunmasını tələb edir.

Bu gün – mayın 16-da blok üzvlərinin xarici işlər nazirləri bu məsələni müzakirə edirlər.

Buna da bax: Putin Avropaya 'qaz zərbəsi' endirə bilərmi

Almaniya imtina edəcək

Aİ ölkələri növbəti sanksiya paketində yanacaq idxalına qadağa üzrə razılığa gələ bilməsələr belə, Almaniya ilin sonunadək Rusiyadan neft idxalından imtina edəcək. Bu haqda “Bloomberg” xəbər yayıb.

Mənbələrin dediyinə görə, Almaniya hökuməti altı-yeddi ay ərzində problemi alternativ mənbələr hesabına həll edə biləcəyini düşünür. Ancaq neft defisitini hansı ölkələrin doldura biləcəyi açıqlanmır.

Almaniya İqtisadiyyat Nazirliyinin məlumatına görə, Rusiya fevralın sonunda Ukraynada müharibəyə başlayandan Almaniyaya Rusiya neftinin tədarükü 35 faizdən 12 faizə düşüb.