Macarıstan Avropa İttifaqı (Aİ) Sülh Fondundan Ermənistana dəstək layihəsinə mane olur. Halbuki, bu layihə ətrafında alyansda ilkin razılıq əldə olunmuşdu.
Diplomatik mənbələr AzadlıqRadiosuna bildiriblər ki, Macarıstan Azərbaycanın da proqrama daxil edilməsini tələb edir. Mənbələrə görə, bu da vəziyyətdən çıxış yolu kimi qiymətləndirilir.
Aprelin ortalarında AzadlıqRadiosu öyrənib ki, Brüsseldə Aİ-nin Sülh Fondundan Ermənistana 10 milyon avro yardım göstərilməsi üçün ilkin razılıq əldə olunub. Diplomatik sənədlərə əsasən, pul bir batalyon üçün modul tipli səhra düşərgəsinin yaradılmasına yönəldilməlidir. Bura tibbi yardım üçün bir ambulatoriya, habelə müvafiq xidmətlər və obyektlər daxildir.
"Bu dəstəyin məqsədi Ermənistan silahlı qüvvələrinin dayanıqlığını və sabitliyi bərqərar etmək qabiliyyətini artırmaq, bununla da böhranlar, habelə fövqəladə hallar zamanı mülki insanları daha yaxşı qorumaqdır", - Macarıstanın bir neçə həftədir qəbuluna mane olduğu sənəddə bildirilir.
Macarıstan Ermənistan zabiti Qurqen Markaryanı Budapeştdə öldürən Ramil Səfərovu (2012-ci ildə) Bakıya təhvil verdikdən sonra rəsmi Yerevanın təşəbbüsü ilə bu iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi, münasibətlər yalnız bu yaxınlarda bərpa edilib.