Əməliyyat olunmaq üçün 123 gün gözləyirlər – Qərb mediası

Arxiv fotosu

London İmperial Kolleci araşdırmaçılarının sentyabrın 6-da yaydığı tədqiqata görə, xəstələr müalicə olunmaqdan ötrü həkimlərin ovcuna pul basmalı olurlar

“The Economist” dərgisi Avropada səhiyyə xidmətinin “xəstə” olduğunu yazır. Belə ki, Britaniyada hazırda 6.5 milyon nəfər müalicə növbəsini gözləyir. Bu, 2019-cu ildəkindən 50 faizdən də çoxdur.

İspaniyada xəstələr əməliyyat üçün ortalama 123 gün gözləyirlər ki, bu son 18 ildə ən yüksək göstərici sayılır.

Buna da bax: COVID-19 dünyada xəstə sayını artırır – araşdırma

Günah pandemiyadadır?

Dərgi bu duruma görə əsas günahın koronavirus pandemiyasında olduğunu qeyd edir. Pandemiya səbəbindən vacib müalicə sistemlərinə çıxış pozulub, xidmətlərdə gərginlik yaranıb.

“Ancaq pandemiyadan öncə də Avropanın tibb xidmətində problem vardı. Qitə boyunca növbə siyahıları böyüyürdü”, – məqalədə deyilir.

London İmperial Kolleci araşdırmaçılarının sentyabrın 6-da yaydığı tədqiqata görə, xəstələr müalicə olunmaqdan ötrü həkimlərin ovcuna pul basmalı olurlar.

Sizin brauzer HTML5-i dəstəkləmir

Rekord say: hər 100 ölümün yarıdan çoxu qan dövranı xəstəlikləri ilə bağlıdır

14 faizə yaxın artım

Araşdırma Avropa İttifaqının (Aİ) sorğu təşkilatı “Eurobarometer”in 2013, 2017 və 2019-cu illərdə apardığı sorğulara əsaslanır. Hər bir sorğu zamanı Aİ-nin 28 üzvündə (onda Britaniya blokdan çıxmamışdı) 27 mindən çox adamdan soruşublar ki, son bir ildə onların müalicəni təmin etməkdən ötrü qeyri-rəsmi ödəniş, yaxud dəyərli hədiyyə verməli olublarmı. Ən son sorğuda avropalıların 4 faizə yaxını belə qeyri-rəsmi ödəniş etdiyini deyib. Bu isə 2013-cü ildən bəri 14 faizə yaxın artım deməkdir.

“The Economist” Şərqi Avropada rüşvət göstəricilərinin daha yüksək olduğunu bildirir: əhalinin 5.5 faizi 2019-cu ildə qeyri-rəsmi pul verməli olub. Məqalədə vəziyyətin getdikcə düzəldiyi qeyd olunur. 2013-cü ildən rüşvət xahişləri 8 faizədək düşüb. Ən bpyük azalma isə Litva, Rumıniya və Slovakiyanın payına düşür.

Buna da bax: Azərbaycanda sinir sistemi xəstəliklərindən ölənlərin sayı kəskin artıb

Qərbi Avropa

Di gəl, qərbə doğru tendensiya narahatlıq doğurur, dərgi yazır. Qərbi Avropada tibbi xidmət sektorunda rüşvətdə böyük artım baş verib. Almaniyadan başqa bütün ölkələrdə 2013-2019-cu illər arasında artım olduğu bildirilir.

“The Economist” səhiyyədə korrupsiyanın səbəbinin aydın olmadığını yazır. Dərgi rüşvəti səhiyyə sistemlərində zəif idarəçiliyin simptomu sayır, bu zaman həkimlərin xəstəyə adekvat nəzarət edə bilmədiyini yazır. Daha öncəki araşdırmalara görə, belə idarəçilik tibbi və mənəvi risklər yaradır, pasiyentlərdə xroniki xəstəliklər, antibiotiklərə müqavimət yaranır. Pandemiyanın təzyiqi isə ağır vəziyyəti daha da pisləşdirir.

Covid-19 2020-ci ilin əvvəlindən dünyada 606 milyondan çox yoluxmaya səbəb olub, 6.5 milyondan çox xəstə vəfat edib.