İranda həbsdə olan Fərid Səfərlidən ailəsi narahatdır

Fərid Səfərli

İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlidən ailəsi narahatdır

Anası Dilarə Əsgərova bildirib ki, oğlunun vəziyyəti yaxşı deyil.

O, Azərbaycan hakimiyyəti orqanlarından oğlunun tezliklə azad edilməsi üçün yardım istəyib:

"Son vaxtlar Fəridin psixoloji vəziyyəti gərgindir. Mən özüm həkiməm və hiss edirəm ki, oğlum depressiyadadır. Həbsxana həkimləri Fəridi müayinə ediblər və ona müalicə yazıblar. Lakin Fərid dərman qəbul etməkdən imtina edib..."

Əsgərova hesab edir ki, Azərbaycan hakimiyyəti oğlunun azad edilməsi üçün kifayət qədər fəal addımlar atmır.

Buna da bax: Bakıda sexdəki yanğın-partlayışda ölənlərin sayı 9-a çatıb

Azərbaycan XİN-dən cavab...

Bu məsələyə Azərbaycan Xarici İşlər Nazirliyindən də münasibət bildirilib. Nazirlikdən vurğulanıb ki, Fərid Səfərli barədə məlumat onlara daxil olan gündən onun aqibəti, sağlamlıq vəziyyətinin öyrənilməsi, məhkəmə-prosessual hüquqlarının qorunması və vəkillə təmini istiqamətində müvafiq iş aparılıb:

“19 iyul 2023-cü il tarixində məhkəmədə F.Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Növbəti mərhələdə onun həbsi barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib”.

Açıqlamaya görə, Təbriz şəhərindəki Azərbaycanın Baş Konsulluğunun əməkdaşları F.Səfərli ilə həbsxanada görüşlər keçirir və onunla ailə üzvləri arasında telefon əlaqəsi yaradılır:

“Fərid Səfərlinin hüquq və mənafelərinin qorunması istiqamətində Azərbaycan Hökuməti tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.”

Buna da bax: 'Xankəndidə tezliklə 'Bravo' tikiləcək?' yazan fəala 4 il həbs

Xatırlatma

Yaxınları bildirir ki, Almaniyada təhsil alan Səfərli 2023-cü il fevralın 20-də eyni universitetdə oxuduğu qızın dəvəti ilə Tehrana gedib.

Onların deməsinə görə, martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açılıb.

Ötən ilin ortalarına qədər İranla Azərbaycanın münasibətlərində müəyyən gərginliklər müşahidə edilib.

2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb.

Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib. Amma Azərbaycanın İrandakı konsulluğu fəaliyyətini davam etdirir.