Çovdarov: 'Yalan deyəni söyərdim, heyf ki, zalda qadınlar var'

General Akif Çovdarov

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general Akif Çovdarovun cinayət işində zərərçəkmişlər arasında Binəqədi və Biləcərinin keçmiş bələdiyyə sədrləri də var.

İttihama görə, hazırda həbsdə olan general onların başına torba keçirib həbs eləməklə hədələyib və ikisindən toplam 250 min manat alıb. Ona görə də həm Biləcəri bələdiyyəsinin keçmiş sədri İlham Xəlilov, həm də Binəqədi qəsəbə bələdiyyəsinə rəhbərlik etmiş Elman Salmanov zərərçəkmiş kimi tanınıb.

Onların hər ikisi yanvarın 11-də Akif Çovdarovun, eləcə də onun tabeliyində işləmiş Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun məhkəməsində dindiriliblər. Keçmiş MTN-çilərin işinə Bakı Hərbi Məhkəməsinin hakimləri Sabunçu Rayon Məhkəməsinin binasında baxırlar.

Buna da bax:​ MTN-də məmur-biznesmendən 1 milyon istəyib, 300 min alıblar

Ortaq tanış vasitəsilə?

İlham Xəlilov bildirib ki, Çovdarov hər ikisinin ortaq tanışı olan keçmiş polis rəisi Adil Yaqubov vasitəsilə onu MTN-ə çağırtdırıb və nazirliyin 4-cü mərtəbəsindəki görüşdə ondan 100 min manat pul tələb edib. Həmin görüşdə Binəqədi qəsəbə bələdiyyəsinin sədri Elman Salmanova da 150 min manat verməli olduğunu tələb kimi çatdırmağı istəyib.

İlham Xəlilovun dediyinə görə, birinci mərhələdə özü 50 min, Elman Salmanov da 90 min düzəldib və toplam 140 min manatı sürücüsü vasitəsilə Çovdarova çatdırıb. Təxminən bir ay sonra qalan 110 mini də düzəldib göndəriblər.

Elman Salmanovsa ifadəsində deyib ki, şəxsən nə Çovdarovu tanıyıb, nə onunla görüşüb, nə də telefonla danışıb. İlham Xəlilov gəlib deyib ki, Çovdarov ondan 150 min manat tələb edir. Onun dediyinə inanıb, tələb olunan pulu düzəldib, elə İlham Xəlilov vasitəsilə göndərib. Ona görə də kimə və harada verildiyini bilmir.

Buna da bax:​ 'Telefonlar E.Mahmudovun tələbnaməsi əsasından dinlənilib'

“Elə özüm çağıra bilərdim”

Akif Çovdarov İlham Xəlilovun yalan danışdığını, onun adından istifadə edib Elman Salmanov və başqalarından pul aldığını deyir: “2008-ci ildə mənim kabinetim 4-cü mərtəbədə yox, birinci mərtəbədə idi. Elman Salmanovu, ümumiyyətlə, tanımamışam. Əgər Elman Salmanovu çağırmaq lazım olsaydı, İlham Xəlilova niyə deyirdim, elə özüm çağıra bilərdim. Yalan deyəni söyərdim, heyf ki, zalda qadınlar var...”.

Keçmiş polis rəisi Adil Yaqubov və A. Çovdarovun sürücüsü olmuş Nurxan Atakişiyev də şahid ifadələrində İlham Xəlilovun yalan danışdığını deyiblər. Nurxan Atakişiyev bildirib ki, Xəlilov heç vaxt ona pul verməyib: "İlham Xəlilov deyir ki, guya, pulu mən alıb Akif Çovdarova vermişəm. Yalandır" .

Məhkəmə yanvarın 16-da davam edəcək.

Buna da bax:​ Çovdarov Tağı Əhmədovdan 3 milyonu haradan aldığı ilə maraqlanıb

Xatırlatma

Akif Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Artıq 19 nəfər həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

Akif Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddələri ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.